SİYASƏT
Azərbaycan tolerant ölkədir və işğal edilmiş torpaqlar geri qaytarılmalıdır
Bakı, 1 oktyabr (AZƏRTAC). Böyük Britaniya Parlamentinin üzvü, Hərrou İst əyalətindən seçilmiş deputat, Yerli Özünüidarə və Biznes Komitəsinin üzvü Bob Bləkman Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusunu cavablandırmışdır.
AAC-dan AZƏRTAC-a bildirmişlər ki, B.Bləkman Cənubi Qafqaz dövlətləri arasında Azərbaycanın tamam fərqli mövqeyə malik olduğunu, bu ölkədə bütün dini etiqadların və etnik azlıqların təşviq edildiyini vurğulamışdır. O qeyd etmişdir ki, xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər cür şərait yaradılmışdır. Bu, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir. Həmin faktı qəbul etmək və alqışlamaq lazımdır. Bundan əlavə, dünya ictimaiyyəti beynəlxalq hüquqa əməl olunması və Azərbaycan torpaqlarının geri qaytarılması üçün daha çox iş görməlidir. Azərbaycan açıq şəkildə nümayiş etdirmişdir ki, bütün dinlərə qarşı, sadəcə, tolerantlıq göstərilmir, eyni zamanda, bu dinlər təşviq olunur.
Deputat bildirmişdir ki, işğal altında olan torpaqlar qeyd-şərtsiz Azərbaycanın nəzarətinə qaytarıla bilər. Azərbaycan tolerant ölkədir və işğal edilmiş torpaqlar geri qaytarılmalıdır.