İQTİSADİYYAT
Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” Çinin ən iri onlayn səyahət platforması ilə memorandum imzalayıb VİDEO
Pekin, 24 sentyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun Pekində təşkil etdiyi tədbirdə büro, “Azərbaycan Hava Yolları" QSC və Çinin ən iri onlayn səyahət platformalarından olan “Trip.com” arasında tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumun imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarının ortaq əməkdaşlıqla inkişaf etdirilməsi və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaq üçün Azərbaycan turizm məhsullarının təşviqidir.
Çin və Azərbaycanın turizm şirkətlərinin iştirakı ilə ölkəmizin turizm potensialına dair keçirilən təqdimatda çıxış edən səfir Bünyad Hüseynov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və “Azərbaycan Hava Yolları” baş kommersiya inzibatçısı Cəmil Mənizadə mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı olan Azərbaycanın yüz illər ərzində İpək yolu üzərində ticarət və mədəniyyət körpüsü rolunu oynadığını, bu tarixi irsin müasir dövrdə ölkəmizin turizm potensialını zənginləşdirdiyini deyib. Bildirilib ki, son illər Azərbaycanda turizm sənayesi böyük inkişaf yolu keçib, turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, nəticədə ölkəmiz dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrilib.
Natiqlər iki ölkə arasında təmasların inkişafında turizm əlaqələrinin xüsusi rol oynadığını vurğulayıb, Azərbaycanın Çin vətəndaşları üçün vizasız səyahət rejimi tətbiq etməsi, Bakı ilə Pekin və Urumçi şəhərləri arasında birbaşa uçuşlar, habelə Çinin müxtəlif şəhərlərində ölkəmizin turizm potensialının tanıdılması istiqamətində görülmüş işlər sayəsində dünyanın ən böyük turist bazarlarından olan Çindən ölkəmizə gələn səyahətçilərin sayında davamlı artım müşahidə olunduğunu bildiriblər. Qeyd olunub ki, cari ilin 8 ayında ölkəmizə səfər edən çinli turistlərin sayı 27 minə yaxınlaşıb ki, bu da pandemiyadan əvvəlki ən yüksək rəqəmdən də çoxdur.
Tədbirdə Azərbaycana dair videoçarxlar nümayiş edilib, milli musiqimiz və rəqslərimiz ifa olunub.
Qeyd edək ki, dünyanın ən böyük turist bazarı olan Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün 2018-ci ilin dekabrından Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir, 2019-cu ildə Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Turizm Bürosu ilə Çinin tanınmış onlayn səyahət platformaları olan "Qyer.com", habelə “China Tourism Group" holdinqi arasında Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutan memorandumlar imzalanıb.
Bundan başqa, cari ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə əsasən Azərbaycan Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız səyahət imkanı yaradıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin