ELM VƏ TƏHSİL
“Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda VIII respublika konfransı təşkil edilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə gənc tədqiqatçıların “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda VIII respublika elmi-praktik konfransı keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil edilən konfransı rektor İlham Mədətov açaraq respublika səviyyəli tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qeyri-neft sektorunda xüsusi yer tutan turizmin ölkəmizdə də əsas sahələrdən birinə çevrilməsi və bu sahədə geniş tədqiqata ehtiyac duyulması konfransın aktuallığını artırır. Rektor konfransda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti və digər təhsil müəssisələrindən 80-dən çox məqalə və iştirakçının olduğunu qeyd edib. Rektor turizm sahəsinə gənc tədqiqatçıların yeni töhfələr verəcəyinə əminliyini bildirib.
Tədbirdə çıxış edən ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov deyib: “Azərbaycanda turizmin formalaşması və inkişafı da görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin 1969-cu ilin iyulunda respublikanın rəhbəri seçilməsindən sonra ölkə həyatının digər sahələrində olduğu kimi turizm sahəsində inkişaf mərhələsi başlandı. Heydər Əliyevin təşəbbüsü ilə avqustun 12-də “Respublikada Turizm və ekskursiyanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərar qəbul edildi. Faktiki olaraq bu qərar ölkəmizdə turizmin inkişafına təkan verən Dövlət Proqramı idi. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra aparılan irimiqyaslı islahatlar nəticəsində Azərbaycanda siyasi və iqtisadi sabitlik təmin edildi, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi, iqtisadiyyatın dinamik inkişafının bünövrəsi qoyuldu. İqtisadi sahədə görülən tədbirlər bazar iqtisadiyyatına əsaslanan sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli və xarici investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsinin tətbiqinə gətirib çıxardı. Bunların nəticəsində yeni iş yerlərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalı, son nəticədə isə ölkənin iqtisadi gücünün artırılması mümkün oldu. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan tarixində yeni bir mərhələ başlandı. Heydər Əliyev dühası uğurlu neft strategiyasının həyata keçirilməsi, bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafı üçün istifadəsinə imkan yaratdı.
Respublikamızda turizmin inkişafına dövlət tərəfindən qayğının artması nəticəsində bu sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə idi. Bakıda hər il beynəlxalq turizm sərgilərinin təşkili ənənəyə çevrildi. 2002-ci ilin mayında Azərbaycan turizminin tarixində ilk dəfə olaraq Azərbaycan beynəlxalq turizm sərgisi (AITF) Dünya Turizm Təşkilatının dəstəyini qazanmaqla bərabər, həm də bu təşkilatın ümumi kataloquna daxil edildi. Sonrakı illərdə keçirilən sərgilər daha çox ölkə və şirkətlərin təmsil olunması ilə fərqləndi. Beləliklə, tam məsuliyyətlə demək olar ki, Azərbaycan turizmi bu gün əldə etdiyi nailiyyətlərə görə dahi şəxsiyyətə - Heydər Əliyevə borcludur. Ölkəmizdə bu sahə Ümummilli Liderin uzaqgörənliklə müəyyən etdiyi yolla inkişaf zirvəsinə doğru inamlı addımlarla irəliləyir”.
Sonra ATMU-nun magistrantları Nuranə Həsənova və Arif İsgəndərov turizm sahəsindəki araşdırmaları ilə bağlı məqalələrini təqdim ediblər.
Konfransın “Azərbaycanın işğaldan azad olunan ərazilərinin turizm potensialı”, “Azərbaycanın turizm destinasiyaları”, “Turizmin iqtisadiyyatı və idarəedilməsi”, “Turizmdə marketinq”, “Turizmdə dillərin rolu”, “Azərbaycanda mehmanxana və qida sənayesi: bu günü və gələcək inkişafı”, “Turizmdə nəqliyyat xidmətləri” bölmələrində iştirakçıların məruzələri dinlənilib.