SİYASƏT
Azərbaycan Türk dünyası ilə əlaqələrə önəm verərək, bu istiqamətdə uğurlu təşəbbüslərlə çıxış edir ŞƏRH
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan hər zaman Türk dünyası ilə əlaqələrə önəm verərək, bu istiqamətdə uğurlu təşəbbüslərlə çıxış edir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) qlobal sistemdəki rolunun gücləndirilməsi bizim üçün əsas hədəflərdən birinə çevrilib. Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanın yeni hədəfləri və xarici siyasət prioritetləri ilə bağlı önəmli mesajlar verərək bildirdi ki, “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O deyib: “Əsası 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) artıq üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gücləndirilməsi üçün mühüm platformaya çevrilməkdədir. Qarşılıqlı etimad əsasında formalaşan münasibətlərin yol xəritəsinə nəzər yetirdikdə, Türk dünyasının yeni formalaşan dünya nizamındakı rolunun və təsirinin gücləndirilməsinin başlıca hədəf olaraq müəyyənləşdiyini aydın şəkildə müşahidə etmək olar. Azərbaycanın Türk dövlətləri ilə ümumi ticarət dövriyyəsinin bugünkü statistik göstəriciləri ortaq hədəflər istiqamətində gözləntilərə tam cavab verməsə də, bu göstəricilərin artırılması üçün yüksək potensial mövcuddur. Üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir çox addımlar atılıb, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması üçün müvafiq sazişlər imzalanıb. Ümumilikdə Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə qoyub. Azərbaycanın təşəbbüsü ilə Türk dünyasında və qlobal sistemdə sülh və sabitliyi qorumaq, həmçinin sosial-iqtisadi rifahın gücləndirilməsi məqsədilə bir çox uğurlu layihələr həyata keçirilib”.
Aytən Qurbanova qeyd edib ki, regionda yaşıl enerji dəhlizinin yaradılması üçün mühüm addımlar atılır. Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bu layihələr yaşıl enerjiyə keçid istiqamətində xüsusi önəm daşımaqla yanaşı, bərpaolunan enerjinin istehsal edilən mərkəzlərdən hədəf istiqamətlərə daha təhlükəsiz və sürətli şəkildə çatdırılmasını da koordinasiya etməyi planlaşdırır. Onu da qeyd etmək lazımdır ki, bu layihə sadəcə Azərbaycan, Qazaxıstan və Özbəkistan ilə məhdudlaşmır və digər Mərkəzi Asiya dövlətlərin qoşulması üçün də açıqdır.
Deputatın sözlərinə görə, bütün bu təşəbbüslər bir daha aydın şəkildə göstərir ki, Azərbaycanın yeni hədəfləri sırasında Türk kimliyinin gücləndirilməsi və strateji tərəfdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi başlıca prioritet istiqamətdir. Heç şübhəsiz ki, Azərbaycanın irəli sürdüyü bu təşəbbüslər çərçivəsində strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin gələcək yol xəritəsinin daha güclü və dayanıqlı əsaslara sahib olduğunu aydın şəkildə ifadə etmək olar.