Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sertifikatına layıq görülüb VİDEO

Paris, 30 may, AZƏRTAC,
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasında ÜHST heyvan xəstəlikləri üzrə elmi komissiyasının tövsiyəsi ilə Azərbaycan ÜHST tərəfindən xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən (Peste des petits ruminants-PPR) azad ölkə kimi tanınması ilə bağlı sertifikat alıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ÜHST Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasında AQTA-nın sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. ÜHST-in bugünkü sessiyasında 2024-cü ildə beş ölkə heyvan sağlamlığı statusunun rəsmi tanınmasını əldə edib. Azərbaycan ÜHST heyvan xəstəlikləri üzrə elmi komissiyasının tövsiyəsi ilə Azərbaycan ÜHST tərəfindən Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən (Peste des petits ruminants - PPR) azad ölkə kimi tanınması ilə bağlı sertifikata layiq görülüb.
Sertifikat ÜHST sessiyası çərçivəsində təntənəli şəkildə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevə təqdim edilib. ÜHST rəhbərliyi sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvlərini təbrik ediblər.
Bu tanınma sertifikatı Azərbaycan tərəfindən ÜHST-ə təqdim edilmiş hesabatlara əsaslanır. Azərbaycan PPR ilə bağlı epidemioloji vəziyyətdə hər hansı dəyişiklik olarsa, dərhal ÜHST-ə məlumat verməli və Heyvanların Sağlamlığı Məcəlləsinin tələblərinə uyğun olaraq, epidemioloji vəziyyətin dəyişməz qaldığını hər il təsdiqləməlidir.
Bu il yalnız beş ölkə - Azərbaycan, Çex Respublikası, Misir, Lixtenşteyn və Norveç bu tanınma sertifikatına layiq görülüblər.
Qeyd edək ki, beş gün davam etmiş sessiyada ÜHST ilə rəsmi müqavilə imzalamış 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
ÜHST-ün 91-ci Ali Baş Sessiyasında üzv ölkələrin nümayəndələri Dr.Emmanuelle Soubeyranı təşkilatın 8-ci baş direktoru seçiblər.