Azərbaycan Universiteti beynəlxalq konfransa hazırlaşır
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Universiteti tərəfindən mayın 14-15-də təşkil olunacaq “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri-2018” mövzusunda beynəlxalq elmi konfransa hazırlıqlar davam edir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konfransın tərəfdaşları “Cambridge International Academics” (İngiltərə), Liepaja Universiteti (Latviya) və “Synergy Group”dur.
Konfransın beynəlxalq elmi komitəsində on ölkədən alimlər təmsil olunur. Konfransa Türkiyə, Rusiya, Braziliya, Qazaxıstan, Qırğızıstan, Polşa, Şimali Kipr, Ukrayna və digər ölkələrdən 15-dək alimin 232 məqaləsi təqdim edilib. Ona yaxın ölkədən isə alim və tədqiqatçıların iştirakı gözlənilir.
Beynəlxalq tədbirin işi filologiya, tarix, iqtisadiyyat, hüquq, kulturologoya, sosiologiya, İKT və tədris olmaqla səkkiz elmi istiqamətdə müəyyənləşdirilib. Konfransın plenar iclasında Türkiyə və Rusiyanın tanınmış alimləri Bülent Açma, Yuri Qoryaçev və Olqa Astafyeva məruzə ilə çıxış edəcəklər.
Qeyd edək ki, kifayət qədər elmi bazaya malik olan humanitar fənlərdən fərqli olaraq leksikonumuza son bir neçə ildə daxil olan davamlı inkişaf anlayışı müxtəlif elm sahələrinin qovşağında ən intensiv öyrənilən mövzulardan birinə çevrilib. Lakin hələ də tam olaraq öyrənilməmiş bu sahənin ciddi elmi əsaslarının yaradılmasına, fundamental baxışlarının formalaşdırılmasına ciddi ehtiyac var. “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” beynəlxalq elmi konfransının keçirilməsinin əsas məqsədi bu sahədə çalışan alimlərin yeni ideya və elmi nəticələrinin paylaşılması və müzakirə olunması üçün uyğun platforma təqdim etməkdir.