Azərbaycan Universiteti şəhid məzunu Fəxrəddin Qurbanlını unutmur
Bakı, 4 aprel, AZƏRTAC
2016-cı il Aprel döyüşlərində şəhid olan məzunu Fəxrəddin Qurbanlının xatirəsini daim uca tutan Azərbaycan Universitetində aprelin 1-dən 6-dək “Fəxrəddin Qurbanlını anım həftəsi” elan olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, anım həftəsi çərçivəsində dərslərdə tələbələrə Azərbaycan Ordusunun qələbə əzmini və ədalətin bərpa olunacağını bütün dünyaya göstərən Aprel döyüşləri və nəticələri haqqında məlumat verilir, şəhidin xatirəsi hörmət və ehtiramla yad edilir.
Ali məktəbdə Fəxrəddin Qurbanlının xatirəsinə guşə yaradılıb, I kurs tələbələri üçün şəhidin xatirəsinə həsr olunan “Lələtəpədə yazılan dastan” sənədli filminin nümayişi təşkil olunub. Şəhidin ailə üzvləri filmi universitet heyəti və tələbələrlə birlikdə izləyib. Sənədli filmdə şəhidin ailə üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup yoldaşları, yaxınları onun keçdiyi həyat yoluna işıq salır, xatirələrini bölüşürlər.
Ötən 3 ildə Fəxrəddin Qurbanlının ailəsinə daim mənəvi dəstək olan universitet rəhbərliyi bu il də şəhidin yas mərasimində iştirak edərək mənəvi həmrəylik nümayiş etdirib.
Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Ümumi məbləği 500 manat olan təqaüd birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Aprel döyüşlərinin ikinci ildönümündə isə şəhidin xatirəsinə həsr olunmuş “Şəhidlər ölmür” xatirə kitabı nəşr olunub. Kitabda şəhid haqqında bioqrafik məlumat, müəllim və tələbə yoldaşlarının xatirələri ilə yanaşı, universitetin magistrantı Reyhan Mənəfovanın Fəxrəddin Qurbanlıya həsr etdiyi “Vətən qartalı” şeiri və fotoları yer alıb.