ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində “Dünya ədəbiyyatşünaslığında aparıcı konsepsiyalar” mövzusunda ənənəvi elmi seminar işə başlamışdır
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycan Universitetində (AU) Azərbaycan filologiyası və jurnalistika kafedrasının təşkilatçılığı ilə “Dünya ədəbiyyatşünaslığında aparıcı konsepsiyalar” mövzusunda ənənəvi elmi seminar işə başlamışdır.
AU-dan AZƏRTAC-a bildirmişlər ki, artıq dörd ildir keçirilən seminarın məqsədi müasir ədəbi prosesdə ədəbi-bədii fikrin özəlliklərini araşdırmaq və dəyərləndirməklə yanaşı, müəyyən məqamlarda psixologiya, fəlsəfə, sosiologiya, tarix, politologiya, dilçilik, mədəniyyətşünaslıqla əlaqə yaradan müstəqil dünyanı dərk formasının səciyyəvi xüsusiyyətlərini öyrənmək və təhlil etməkdir.
Seminarda feminologiya, ekspressionizm, strukturalizm, poststrukturalizm, hermenevtika, reseptiv estetika, yeni tənqid, mifoloji məktəb kimi məşhur konsepsiyaların, nəzəriyyələrin və ədəbi-nəzəri dərgilərdə çap olunmuş silsilə məqalələrin təhlili və müzakirəsi aparılır. Seminara filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev rəhbərlik edir.
Elmi seminarın nəticəsi olaraq indiyədək 3 kitab dərs vəsaiti kimi magistr, doktorant və eləcə də müvafiq sahə üzrə araşdırma aparan tədqiqatçıların ixtiyarına verilmişdir.
“XX əsr amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar” adlı dərs vəsaiti seminarın ilk töhfəsidir. Kitabda Amerika ədəbiyyatında mifoloji məktəbin, yeni tənqidin nümayəndələri haqqında ətraflı məlumat əksini tapmışdır.
İkinci kitab isə “XX əsr Qərb ədəbiyyatşünaslıq konsepsiyaları” adlanır. Kitab oxucuda Qərb ədəbi-bədii prosesi haqqında sistemli məlumat formalaşdırmaq məqsədi daşıyır.
Seminarın nəticəsi olaraq çapdan çıxan üçüncü kitab isə “Dünyanın görkəmli ədəbiyyatşünas alimləri” adlanır. Professor Qorxmaz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Rəhimovanın birgə hazırladıqları kitabda XX əsrdə ədəbi-bədii prosesin əsas hərəkətverici qüvvəsinə çevrilmiş ədəbi-estetik cərəyanların aparıcı müəllifləri ilk dəfə sistemli şəkildə tədqiq olunaraq oxuculara təqdim olunmuşdur. Dərslikdə XX əsr estetik fikir nümayəndələrinin ədəbi-prosesə və ayrı-ayrı bədii nümunələrə münasibətləri, əhatə etdiyi problemlərin ümumi tərəfləri müəyyənləşdirilmişdir. Ədəbi prosesin dinamikasını əks etdirən müəlliflərin oçerk və məqalələri də tərcümə olunaraq kitaba daxil edilmişdir.