Azərbaycan Universitetində Novruz tonqalı yandırılıb
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Universitetində Novruz bayramına həsr edilən “Diananın Novruz sərgüzəştləri” tamaşası nümayiş olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tamaşa tərcümə ixtisası üzrə təhsil alan tələbələr tərəfindən ingilis dilində hazırlanıb. Tamaşanın qəhrəmanı Diana rəfiqəsi Sitarənin dəvəti ilə Böyük Britaniyadan Azərbaycana gəlir və qonaq olduğu kənd evində Novruz adət-ənənələri ilə tanış olur. Ona bayram mərasimləri haqqında məlumat verilir. Kollektiv şəkildə icra olunan bu mərasimlərdə iştirak edən Diana öyrənir ki, Novruzda həyət-baca təmizlənir, evlər bəzədilır, bayram süfrəsi açılır, süfrəyə "s" hərfi ilə başlayan yeddi növ ərzaq qoyulur, qohumlar bir-birini ziyarət edir, küsülülər barışır.
Sonra universitetin rektoru Səadət Əliyeva ali məktəbin kollektivini Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizə, xalqımıza bol ruzi-bərəkət və sevinc arzulayıb.
Sonra iştirakçılar Novruz bayramına həsr olunan guşəyə baxıblar. Guşədə Novruz bayramını simvolizə edən məişət və geyim əşyaları nümayiş olunub.
Tədbirin sonunda isə universitetin kollektivi üçün bayram süfrəsi təşkil olunub, Novruz tonqalı yandırılıb.