Azərbaycan Universitetinin müəllimlərinin impakt faktorlu jurnallarda yeddi məqaləsi dərc olunub
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Universitetində tədqiqatyönümlü ali təhsil müəssisəsi statusu almaq yolunda görülmüş işlər ilkin nəticələrini verir. Belə ki, universitetdə aparılan səmərəli işlərin yekunu olaraq 2018-ci ilin ilk dörd ayında bu ali məktəbin əməkdaşlarının “Thomson Reuters” (Clarivate Analytics) bazasına daxil olan və burada indekslənən jurnallarda yeddi elmi məqaləsi dərc edilib. Bu təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımov apreldə Latviyanın Liepaja Universitetində keçirilmiş “İnnovasiyalar və yaradıcılıq” mövzusunda ikinci beynəlxalq elmi konfransın proqram komitəsinin üzvü seçilib. Bu, Azərbaycan Universitetinin təşkilatçılığı ilə ölkə xaricində təşkil olunan ilk beynəlxalq elmi konfransdır. Həmçinin universitetin əməkdaşlarının iki məruzəsi bu konfransın proqramına daxil edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ali məktəbin elmi işlər üzrə prorektoru Yusif Qasımov bu il noyabrın 19-dan 23-dək Dubayda keçiriləcək “Energy Materials and Nanotechnology” (EMN-2018) konfransına məruzəçi kimi dəvət olunub. Tədbirin məqsədi enerji və nanotexnologiya mövzularında dünyanın qabaqcıl alim, tədqiqatçı və mühəndislərini bir yerə toplamaq, onların elmin bu sahələri üzrə ən son nəticə və ideyalarını bölüşmələri üçün şərait yaratmaqdır.
Bütün bu işlər Azərbaycan Universitetinin elm və təhsil müəssisəsi olaraq artan beynəlxalq nüfuzunun və elmi əlaqələrinin göstəricisidir.
Rektor Səadət Əliyeva 2017-ci ilin yekunlarına həsr olunan yığıncaqda Azərbaycan Universitetinin yeni məqsədlərini tədqiqatyönümlü universitet hədəflərinə nail olmaq, elektron universitet modelinə keçid, ikili diplom proqramlarının tətbiqi olaraq müəyyənləşdirib.