SİYASƏT
AZƏRBAYCAN VƏ AVROPA İTTİFAQI “HƏRTƏRƏFLİ İNSTİTUSİONAL QURUCULUQ” PROQRAMININ İNTENSİV HAZIRLIĞINA BAŞLAMIŞDIR
Bakı, 12 fevral (AZƏRTAC). Avropa İttifaqı (Aİ) Azərbaycan hökuməti ilə birgə “Hərtərəfli institusional quruculuq” proqramının intensiv hazırlığına başlamışdır.
Qurumun Azərbaycandakı nümayəndəliyindən bildirmişlər ki, Aİ tərəfindən maliyyələşdirilən proqram “Şərq tərəfdaşlığı” təşəbbüsünün konkret nəticəsidir və 3 il ərzində icra ediləcəkdir. Məqsəd Aİ ilə Azərbaycan arasında gələcək assosiasiya sazişi ətrafında danışıqlar aparmaqdır.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bu həftə keçirilmiş rəsmi görüşlərdən sonra bildirmişdir ki, bir sıra hökumət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə çox faydalı müzakirələr aparılmışdır. Bu, Azərbaycanda “Şərq tərəfdaşlığı”nın icrası istiqamətində atılan konkret addımdır.
Qeyd edək ki, səfir R.Kobia Aİ-nin Brüsseldəki baş idarəsindən gələn xanımlar - Karin Qat Rutter və Katya Salsbakdan ibarət proqramlaşdırma missiyasına rəhbərlik etmişdir. Missiya fevralın 8-dən 11-dək Nazirlər Kabinetində, Xarici İşlər, İqtisadi İnkişaf, Ədliyyə nazirliklərində, Dövlət Qulluğu Komissiyasında, eləcə də vətəndaş cəmiyyəti təşkilatları ilə görüşlər keçirmiş, məsləhətləşmələr aparmışdır.
Proqram çərçivəsində ədliyyə sahəsi, ticarət məsələləri, ümumiyyətlə, dövlət idarəçiliyi üzrə hökumət qurumlarının potensial quruculuğuna yardım göstərilməsi nəzərdə tutulur. Növbəti həftələrdə müfəssəl çərçivə proqramı hazırlanacaqdır.