AZƏRBAYCAN VƏ ESTONİYA ARASINDA UŞAQLARIN TƏCRÜBƏ MÜBADİLƏSİ PROQRAMI HƏYATA KEÇİRİLƏCƏKDİR
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi, Avrasiya Hüquqşünaslar Assosiasiysı, Estoniya Respublikasının Q-Klub Uşaq təşkilatı Avropa İttifaqının dəstəyi ilə “Müxtəliflikdə həmrəylik” adlı proqram icra edir.
Avrasiya Hüquqşünaslar Assosiasiyasından AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi eston və azərbaycanlı uşaqları arasında əlaqələrin inkişafı, milli dəyərlərlə tanışlıqdır.
Proqram çərçivəsində iyunun 30-dan iyulun 7-dək Estoniyadan Azərbaycana 13-18 yaşlı 20 məktəbli və 3 müəllim səfər edəcəkdir.
Eston uşaqlar azərbaycanlı ailələrdə yerləşdiriləcək, xalqımızın milli-mədəni irsi ilə yaxından tanış olacaq, qaçqın və məcburi köçkünlərin yaşadıqları qəsəbələrə gedəcəklər.
Eyni məqsədlə azərbaycanlı uşaqların 2009-cu ildə Estoniyaya səfər etməsi nəzərdə tutulmuşdur.