REGİONLAR
AZƏRBAYCAN VƏ MOLDOVA HÖKUMƏTLƏRİ ARASINDA GEODEZİYA, KARTOQRAFİYA, YERİN MƏSAFƏDƏN TƏDQİQİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ LAYİHƏSİ TƏSDİQLƏNMƏK ÜÇÜN MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin aqrar siyasət daimi komissiyasının mayın 31-də keçirilmiş iclasında “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında geodeziya, kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsi və “Fitosanitar nəzarəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilmişdir.
Bildirilmişdir ki, 2007-ci il fevralın 22-də Bakı şəhərində imzalanmış Sazişə əsasən tərəflər elmi-texniki və istehsalat məlumatları üzrə eksperimental işlərin birgə həyata keçirilməsində, ərazi mənsubiyyəti baxımından istinad geodeziya, kartoqrafiya və aerokosmik planalma materiallarının mübadiləsi sahəsində və digər istiqamətlərdə birgə əməkdaşlıq edəcəklər. Saziş beş il müddətinə bağlanmışdır.
Deputatlar Sazişin Azərbaycanın milli maraqlarına xidmət etdiyini vurğulamış və onu təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə etmişlər.
İkinci layihə ilə bağlı bildirilmişdir ki, “Fitosanitar nəzarəti haqqında” Qanunun bəzi maddələrində pestisidlərin və bioloji preparatların istehsalı üzrə dövlət proqramının hazırlanması və həyata keçirilməsinin təmin olunması nəzərdə tutulmuşdur. Hazırda ölkəmizdə pestisidlərə və bioloji preparatlara tələbat hər il təxminən min tona yaxındır. Onların istehsalı üçün tikiləcək zavodun gücü isə ən azı 5-6 min ton olmalıdır. Bunun üçün həm də xaricdən xüsusi bioloji və kimyəvi maddələr alınıb gətirilməlidir ki, bu da çox baha başa gəlir. İqtisadi baxımdan Azərbaycanda belə bir zavodun tikilməsi və fəaliyyəti məqsədəuyğun deyildir. Pestisidlərin və bioloji preparatların alınması isə daha ucuz başa gəlir. Ona görə də qanundakı müvafiq maddələrin çıxarılması təklif olunur.
Komissiyanın üzvləri və mütəxəssislər layihə ətrafında fikir mübadiləsi apardıqdan sonra sənədin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.