AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA GÖMRÜK XİDMƏTİ SAHƏSİNDƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan və Rusiya gömrük xidməti əməkdaşlarının işgüzar görüşü keçirilmişdir.
Tədbirdə DGK-nın sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və Rusiya Federasiyası Federal Gömrük Xidməti (FGX) rəhbərinin müavini İqor Zavrajnov iştirak etmişlər.
Görüşdə DGK sədrinin müavini Əsgər Abdullayev bildirmişdir ki, ötən il Moskvada Azərbaycanın və Rusiyanın gömrük xidmətləri arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində əməkdaşlığa dair əldə olunmuş razılaşma uğurla həyata keçirilir, tərəflər sözügedən istiqamətdə qarşılıqlı fəaliyyət göstərirlər. Bu sahədə informasiya mübadiləsi intensiv xarakter alır və görülən tədbirlər qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının vaxtında alınmasına öz töhfəsini verir.
Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini İqor Zavrajnov Azərbaycanın və Rusiyanın gömrük orqanlarının qarşılıqlı əməkdaşlığının inkişafından məmnunluğunu və ölkəsində buna yüksək qiymət verildiyini vurğulamışdır. Qonaq tərəflər arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində Moskvada razılaşdırılan Tədbirlər Planına əsasən Azərbaycan və Rusiya gömrük xidmətləri əməkdaşlarının ildə iki dəfə görüşünün keçirilməli olduğunu xatırladaraq ilk belə tədbirin Bakıda baş tutmasından məmnunluğunu bildirmişdir.
Sonra DGK Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı və Rusiya Federasiyası FGX Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin rəis müavini İ.Voloşenko tərəflərin qarşılıqlı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri barədə çıxış etmişlər.
Görüşdə Azərbaycanın və Rusiyanın gömrük orqanları arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində əməkdaşlığın daha səmərəli şəkildə həyata keçirilməsinə dair təkliflər irəli sürülmüş və fikir mübadiləsi aparılmışdır.
Tədbir başa çatdıqdan sonra DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Rusiya nümayəndə heyəti ilə görüşmüşdür.
Komitə sədri Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə, o cümlədən gömrük xidməti sahəsində əlaqələrin genişlənməsindən məmnunluqla söhbət açmış, ölkələrimizin gömrük xidməti əməkdaşlarının işgüzar görüşünün bu işə öz töhfəsini verəcəyinə əminliyini vurğulamışdır.
Sonda DGK-nın sədri Aydın Əliyev Rusiya Federasiyası FGX rəhbərinin müavini İqor Zavrajnovu “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif etmişdir.
Rusiya nümayəndə heyətinin səfəri aprelin 11-dək davam edəcəkdir.
######
