ELM VƏ TƏHSİL
Azərbaycanlı təhsil işçiləri “Təhsil liderliyi” təcrübə proqramında iştirak ediblər
Ankara, 10 avqust, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətində “Təhsil liderliyi” təcrübə proqramı təşkil edilib. Bu çərçivədə bir qrup azərbaycanlı təhsil işçisi müxtəlif mövzulu təlimlərə qatılıb.
AZƏRTAC xəbər verir ki, “T-Network”un təşəbbüsü ilə təşkil olunan təlimlər “Təlimat liderliyi”, “Məktəb inkişafı və liderlik”, “Təhsil fəlsəfəsi” mövzularına həsr olunub.
“Təlimat liderliyi” təlimi Lefke Avropa Universitetinin təhsilin idarəolunması üzrə müəllimi, tanınmış professor Mehmet Çağlar tərəfindən keçirilib.
“Məktəb inkişafı və liderlik” təlimi isə Doğu Akdeniz Universitetinin təhsilin idarəolunması üzrə professoru, tədqiqatları ilə dünyada məşhur olan alim, Kembric Universitetində də tədqiqatçı olaraq çalışan professor Şefika Mertkan tərəfindən keçirilib. Şefika Mertkan Kembric Universitetində müəllim hazırlığı və öyrənmə üzrə magistratura, Nottinqem Universitetində isə təhsil liderliyi üzrə doktorantura təhsili alıb.
Şimali Kipr Türk Cümhuriyyəti Milli Təhsil Nazirliyinin Təlim və tərbiyə idarəsinin İdarə Heyətinin üzvü Salih Sarpten isə təhsil fəlsəfəsi mövzusunda təcrübələrini bölüşüb.
Səfər çərçivəsində azərbaycanlı təhsil işçiləri Şərqi Aralıq dənizi Universitetinin rektoru Hasan Kılıç ilə də görüşüblər. Rektor Azərbaycandan olan qonaqları Şimali Kipr Türk Cümhuriyyətinin aparıcı ali məktəblərindən olan universitetin fəaliyyəti və imkanları barədə məlumatlandırıb, süni intellektin təhsil sisteminə tətbiqi üzrə təcrübələrini bölüşüb, mövzu ilə bağlı müxtəlif tövsiyələr verib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara