MƏDƏNİYYƏT
Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mədəniyyətin də özünəməxsus yeri vardır
Sumqayıt, 1 may (AZƏRTAC). Sumqayıtdakı “Turan” klubunda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin bir qrup sənət adamları və televiziya kanallarının nümayəndələri ilə görüş keçirilmişdir.
Qonaqlar arasında Milli Məclisin deputatları, sənət adamları, QHT və KİV təmsilçiləri olmuşlar. Tədbirdə, həmçinin “Avropa, Avropa” teleserialının yaradıcı heyəti də iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva mərasimi açaraq sənətin, mədəniyyətin xalqlar və dövlətlərarası münasibətlərin genişləndirilməsində əhəmiyyəti haqqında danışmışdır. Natiq “Bir millət, iki dövlət” arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mədəniyyətin də özünəməxsus yeri olduğunu vurğulamışdır. O, həmçinin bildirmişdir ki, televiziya və radio çox böyük qüvvədir və biz onun imkanlarından dövlətlərimiz arasında mədəni əməkdaşlığın daha da inkişafı və hər iki ölkədə insanlara bir-birimizlə bağlı daha çox məlumatların çatdırılmasında səmərəli istifadə etməliyik.
Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının inkişafında oynadıqları rola və göstərdikləri dəstəyə görə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən bir sıra sənət adamları mükafatlandırılmışlar. Onların arasında TRT-nin Bakı bürosunun müdiri Yüksəl Dəyərcan, TRT-nin xəbər əlaqələndiricisi Bünyamin Şahin, “TRT-Avaz”ın koordinatoru Adnan Süər, TRT xəbər dairəsi başqanı Əhməd Çavuşoğlu, İTV, “XəzərTV”, AzTV-nin “Turan” proqramı, SpaceTV-nin mədəniyyət departamenti, “Azad Azərbaycan” radiosu, türkiyəli prodüser Banu Akdeniz, rejissor Şafak Bal, Azərbaycanın Əməkdar artistləri Azərin, Tünzalə Ağayeva, Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadə və başqaları olmuşlar.