“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium keçirilir




Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də AMEA və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, elmi, mədəni əlaqələrindən bəhs edib. Akademik AMEA-nın 80 illik yubileyi ilə bağlı ölkəmizdə və xaricdə təşkil edilən elmi tədbirlərin, beynəlxalq konfransların davam etdiyini bildirib. İsa Həbibbəyli tədbirin Türkiyənin elmi qurumları ilə mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni ortaq elmi layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İki nüfuzlu elmi qurumun – Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlər Akademiyasının Bakıda təşkil etdiyi birgə simpoziumun digər türk dövlətlərinin elmi qurumları üçün də örnək xarakteri daşıdığını deyib.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərindən danışaraq, hər iki ölkənin dünya siyasətində artan roluna və birgə mövqelərinin əhəmiyyətinə toxunub. Səfir bildirib ki, zəngin türk mənəviyyatını, ortaq mədəni dəyərləri qorumaq, ortaq keçmişimizin dünənindən bu gününə, bu günündən də gələcəyə ötürülməsini təmin etmək hazırda çox vacib məsələdir.
Tədbirdə TÜBA-nın prezidenti professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti və TÜBA Beynəlxalq Əlaqələr işçi qrupunun sədri professor Ahmed Nuri Yurdusev mövzu ilə bağlı çıxış ediblər.
Tədbir plenar məruzələrlə davam edib.