Azərbaycan və Türkiyə mütəxəssisləri kosmik tədqiqatlar sahəsində daha sıx əməkdaşlıq edəcəklər
Bakı, 21 may, AZƏRTAC
“Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (TÜBİTAK UZAY) təmsilçiləri arasında üçtərəfli görüş keçirilib.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, ölkəmiz üçün kosmik sənayenin inkişafının əhəmiyyətindən danışılıb və bu sahədə Elmin İnkişafı Fondunun kosmos tədqiqatları sahəsində yerli kadr hazırlığına xüsusi önəm verdiyi qeyd olunub. Bildirilib ki, hazırda “Azərkosmos” ASC-də peyk mühəndisi vəzifəsində çalışan Ağasif Ələkbərov Elmin İnkişaf Fondunun 6-cı Mobillik Qrantının qalibi olub və Fondun dəstəyi ilə TÜBİTAK UZAY-da təşkil olunmuş təcrübə proqramında iştirak edib. Bu da, öz növbəsində, peyklərin etibarlı idarə edilməsində yüksək hazırlıqlı yerli kadr potensialının formalaşmasına Fondun dəstəyinin göstəricisidir.
Üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə “Rasat” peykinin əməliyyat seqmentləri, kosmos və astronomiya tədqiqatları, TÜBİTAK UZAY-ın peyk layihələri təqdim edilib.
Sonda TÜBİTAK UZAY, Elmin İnkişafı Fondu və “Azərkosmos” arasında peyklərin idarə edilməsi istiqamətində, kosmik tədqiqatlar sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə layihələrinin təşkilinə və gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub.