AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ ŞƏRQDƏ İLK DEMOKRATİK DÖVLƏTDİR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AXC-nin liderlərinin, eləcə də Azərbaycanın milli müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ölməz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilmişdir.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” 2008-ci il fevralın 15-də imzaladığı Sərəncamın əhəmiyyətini xatırlatmışdır. Demişdir ki, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb siyasi hadisələrin və xalqımızın milli oyanışının məntiqi yekunu idi. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca qiymətlidir.
Universitetin rektoru AXC-nin yaranması, fəaliyyəti və süqutu barədə tarixi faktları xatırladaraq yaxın keçmişimizə ekskurs etmişdir.
Natiq bildirmişdir ki, ümummilli liderimizin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son vaxtlar dünyanın aparıcı dövlətlərinin Azərbaycana artan marağı, respublikamızın beynəlxalq qurumlara üzv qəbul edilməsi, iqtisadiyyatımızın sürətli inkişafı, dövlət quruculuğu sahəsindəki uğurlarımız və əldə edilən digər nailiyyətlərimiz göstərir ki, müstəqilliyimizin taleyi etibarlı əllərdədir.
Çıxış edən digər natiqlər də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, süqutu səbəblərindən söhbət açmış, müstəqilliyimizin əbədiliyinə və dövlətimizin daim tərəqqi edəcəyinə qəti əmin olduqlarını bildirmiş, müstəqil respublikamızın uğurlarından bəhs etmişlər.
Natiqlər Azərbaycan dövlətçiliyi tarixinə nəzər salaraq, 1918-ci ildə Cənubi Qafqazda hökm sürən çətin və mürəkkəb şəraitdə qurulan Xalq Cümhuriyyətini böyük tarixi nailiyyət kimi dəyərləndirmişlər.
Bildirilmişdir ki, XX əsrin sonlarında Azərbaycanın yenidən müstəqillik əldə etməsi xalqımızın onilliklər boyu apardığı mübarizənin nəticəsidir.
Sonda tələbələrin iştirakı ilə bədii kompozisiya göstərilmişdir.