“AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ QAFQAZ İSLAM ORDUSU” KİTABI TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzində Qafqaz Araşdırmaları İnstitutunun müdiri, doktor Mehmet Rıhtım və professor Mehman Süleymanovun redaktorluğu ilə nəşr olunan “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” kitabının təqdimat mərasimi keçirilmişdir. Tanınmış alimlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun tarixindən danışmış və təqdim edilən kitabın əhəmiyyətini vurğulamışlar.
Bildirilmişdir ki, kitabda Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə əlaqədar olan cümhuriyyətin yaranması, onun milli istiqlalının qorunub saxlanılması, bu zaman Türkiyənin qardaşlıq köməyi, göstərdiyi hərbi yardım, Qafqaz İslam ordusunun keçdiyi şərəfli döyüş yolu məsələləri geniş araşdırılır. Bu cəhətdən Qafqaz Universiteti və Qafqaz Araşdırmaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən hazırlanmış nəşr uğurlu təşəbbüsün bəhrəsidir. Kitaba müvafiq mövzularla bağlı on beş tədqiqatçının 19 məqaləsi daxil edilmişdir.
Nəşr mövzu üzrə Azərbaycanda və Türkiyədə aparılmış araşdırmaların böyük hissəsini əhatə etmişdir. Burada tarix etibarilə qısa bir dövrdən, lakin özlüyündə Azərbaycanın və Türkiyənin həyatında vacib, əslində əsrə bərabər tutula bilən geniş, zəngin, həm də ziddiyyətli hadisələri özündə əks edən mürəkkəb bir dövrdən söhbət açılır.
Üç bölmədən ibarət kitabda toplanmış məqalələrdə Qafqaz İslam ordusunun Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mücadiləsi tarixi, siyasi, ictimai, ədəbi və s. cəhətlərilə araşdırılmışdır. “Birinci dünya müharibəsi zamanı böyük dövlətlərin Qafqazla əlaqəli siyasətləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” adlanan birinci bölmədə Qafqaz bölgəsi ilə əlaqəli dövrün siyasi, ictimai şəraiti, baş verən irimiqyaslı xalq hərəkatları, I Dünya müharibəsinin doğurduğu labüd nəticələr - qırğınlar, tələfatlar, məhrumiyyətlər və böyük dövlətlərin bölgə ilə əlaqəli siyasətləri geniş şəkildə araşdırılmışdır.
Kitabın “Qafqaz İslam Ordusu: materiallar, məlumatlar, sənədlər” adlanan 3-cü bölməsində Türk İslam Ordusunun həyata keçirdiyi qurtuluş tədbirlərinin geniş təsviri, Qafqaz İslam Ordusunun şərəfli salnaməsini aydınlaşdıran yeni sənədlər verilmişdir.
Çıxış edən natiqlər 1918-ci il sentyabrın 15-də Bakıda baş vermiş hadisələrdən bəhs edərək bildirmişlər ki, qəsbkar ermənilər zaman-zaman bəd niyyətlərlə torpaqlarımızda dəhşətli qırğınlar törətmiş, günahsız qanlar axıtmışlar. Bu qanlı hadisələrin qarşısını almaq məqsədi ilə Türkiyə ordusu Azərbaycana gəlmiş və Nuru paşanın başçılıq etdiyi türk qoşunları Bakı şəhərini bolşevik-daşnak işğalından azad etmişdir.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirak etmişdir.
######
