AZƏRBAYCAN XARİCƏ KAPİTALYATIRMA SİYASƏTİNİ GÜCLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
İqtisadi inkişaf naziri Heydər Babayev AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan xaricə kapitalyatırma siyasətini gücləndirmək niyyətindədir.
Bu barədə Bakıda keçirilən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumunda məlumat verən nazir demişdir ki, respublika hökuməti xarici şirkətlərlə fərdi ticarət münasibətləri və birtərəfli kapital yatırımları çərçivəsindən çıxmaq və qarşılıqlı sərmayə yatırımları mərhələsinə başlamaq niyyətindədir.
Nazir bildirmişdir ki, hazırda BƏƏ-də əsasən, ticarət fəaliyyəti, eyni zamanda tikinti işləri ilə məşğul olan 100-dən çox Azərbaycan şirkəti çalışır. Bakıda keçirilən Azərbaycan-BƏƏ biznes forumu energetika, tikinti, sənaye, telekommunikasiya, səhiyyə, turizm sahələrində əlaqələrin daha da genişlənməsinə, qarşılıqlı investisiya yatırımlarının artmasına mühüm təsir göstərəcəkdir.