İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin əməkdaşlarına treninqlər keçirilir
Bakı, 25 avqust, AZƏRTAC
Gəmiçilikdə beynəlxalq standartların tətbiqi və işçilərin peşəkarlığının artırılması məqsədilə növbəti treninqlərə start verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, tanınmış və nüfuzlu təsnifat cəmiyyəti olan Amerika Gəmiçilik Bürosunun nümayəndəsi tərəfindən keçirilən məşğələlər təlimçilər üçün nəzərdə tutulub. Üç gün davam edəcək treninqlərdə iştirakçılar müvafiq təlim proqramlarının hazırlanması yollarını mənimsəyəcəklər. İştirakçılara bu proqramların əsas elementlərinin təsviri, proqramın hazırlanma prosesində müxtəlif üsullardan istifadə, dəqiq məzmunun əhatə edilməsi, təlim modelinin açıqlanması və təlim proqramı planının hazırlanması yolları izah edilir.
Avqustun 27-də isə “Dənizçilik Sahəsində Əməyə dair” Beynəlxalq Konvensiyaya (2006) həsr edilmiş treninqlər keçiriləcək. Dünyanın 34 ölkəsinin, o cümlədən Azərbaycanın da ratifikasiya etdiyi bu konvensiyaya görə, gəmilərdə “Dəniz nəqliyyatı sahəsində Əməyə dair Sertifikat”ın və “Dənizdə əmək şərtlərinə riayət etmə haqqında Bəyannamə”nin olması təmin edilməlidir.
Konvensiyaya qoşulmamış ölkənin bayrağı altında üzən gəmilər onu ratifikasiya etmiş dövlətin bayrağı altında üzən gəmilər üçün yaradılmış daha əlverişli şəraitdən istifadə edə bilməyəcək, onların Konvensiyaya qoşulmuş dövlətlərin limanlarına girməsinə Liman Nəzarəti tərəfindən icazə verilməyəcək və ya həmin gəmilər saxlanılacaq.