İDMAN
Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında 10 medal qazanmışdır
Bakı, 12 avqust (AZƏRTAC). XXX London Yay Olimpiya Oyunları başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, bu yarışlarda Azərbaycanı idmanın 16 növündə 53 idmançı təmsil etmişdir. Dörd ildən bir keçirilən Olimpiya oyunlarında Azərbaycan idmançıları tərəfindən 10 – iki qızıl, iki gümüş və altı bürünc medal qazanılmışdır.
Ümumi komanda hesabında qazandığı medalların sayına görə Azərbaycan London Olimpiadasında 30-cu yeri tutmuşdur.
Sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kiloqram) və Şərif Şərifov (84 kiloqram) Olimpiya çempionları olmuş, Xetaq Qazyumov (96 kiloqram) bürünc medala layiq görülmüşdür. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov (55 kiloqram) ikinci yeri tutmuş, Emin Əhmədov (74 kiloqram) isə bürünc medal qazanmışdır. Qadınlar arasında güləşçimiz Mariya Stadnik (48 kiloqram) Olimpiadanın gümüş medalına sahib olmuş, Yuliya Ratkeviç (55 kiloqram) isə üçüncü yeri tutmuşdur. Boksçular Teymur Məmmədov (91 kiloqram) və Məhəmmədrəsul Məcidov (91 kiloqramdam çox) bürünc mükafatlara layiq görülmüşlər. Azərbaycanın ağır atleti Valentin Xristov isə (56 kiloqram) bürünc medal qazanmışdır. Beləliklə, Azərbaycan əvvəlki olimpiadalarda qazanılmış medalların sayına görə rekordunu təzələmişdir. Xatırladaq ki, 2008-ci ildə Pekində olimpiyaçılarımız yeddi medal qazanmışdılar.
Bütün bu uğurlar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının və diqqətin, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən davam etdirilən düşünülmüş siyasətin nəticəsidir.