Azərbaycan yığmasının baş məşqçisi: Düzgün sistemlə davam etsək, gələcəkdə güclü milli komandamız olacaq - MÜSAHİBƏ

Bakı, 10 mart, AZƏRTAC
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev AZƏRTAC-a müsahibə verib. Üç gün öncə doğum gününü qeyd edən mütəxəssisi təbrik edib, ölkə basketbolu ilə bağlı bəzi suallar ünvanladıq.
-Tahir bəy, sizi ad gününüz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzu edirik. Özəl gününüzdə kimlərdən təbrik aldınız?
-Təbrikə görə çox sağ olun. Demək olar ki, hamı məni özəl günümdə yada saldı. Hər kəsə təşəkkür edirəm.
-43 yaş sizin üçün nə deməkdir?
-İnsan yaş artdıqca yeni şeylər öyrənir və daha müdrik olur. Allah ömür versə, gələcəkdə daha çox şey öyrənmək olar.
-Basketbol karyeranızda Azərbaycanın seçilən oyunçularından olmusunuz. Maraqlıdır, sizin üçün özəl komanda varmı?
- Oyunçu və məşqçi kimi ən çox NTD komandasında olmuşam. Əlbəttə ki, bu klub mənim üçün birinci yerdədir.
-Baş məşqçisi olduğunuz Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki çıxışını necə qiymətləndirirsiniz? Sizcə, komandada nə çatmadı?
-Milli komandada istədiyimiz qədər vaxt olmur. Daha az məşq keçiririk. Klubda isə fərqlidir. Burada taktika qurmaq üçün kifayət qədər zaman var. Yığma ilə yarışdan bir həftə əvvəl toplanırıq. Çalışırıq ki, bacardığımız qədər yaxşı hazırlaşıb, uğurlu nəticə qazanaq.
-Ən azından qardaş Türkiyə basketbolu səviyyəsinə çatmaq üçün nə qədər vaxt lazımdır?
-Türkiyə ilə bizi müqayisə etmək düzgün olmaz. Onlar basketbolda çox inkişaf ediblər. Bilirsiniz ki, Azərbaycan 10 ildən çox idi yarışlara qatıla bilmirdi. Hazırkı rəhbərlik bunun üçün çox işlər gördü. Düzgün sistemlə davam etsək, gələcəkdə güclü milli komandamız olacaq.
-Hazırda NTD komandasında baş məşqçi olaraq fəaliyyət göstərirsiniz. Çıxışınız barədə nə deyə bilərsiniz?
-Yanvar ayından sonra NTD-yə yeni oyunçular gəldi. Bundan sonra daha yaxşı çıxış etməyə başladıq. İnanıram ki, bu mövsüm uğurlu nəticə əldə edəcəyik.
-Karyeranız ərzində özünüzü baş məşqçi kimi, yoxsa basketbolçu kimi daha uğurlu hesab edirsiniz?
-Oyunçu kimi daha çox uğurlarım olub. Məşqçi kimi isə əsas məqsədim Azərbaycan basketbolunda yeni oyunçular yetişdirmək və güclü milli komanda formalaşdırmaqdır.
-Ömrünüzün böyük hissəsini basketbola həsr etdiyinizə görə nə vaxtsa peşman olmusunuz?
-Heç vaxt peşman olmamışam. Başa düşürəm, çətindir, ailədən uzaq qalmaq, gərginlik. Amma sevdiyim işlə məşğul olduğum üçün xoşbəxtəm.