AZƏRBAYCANA BİRGƏ YARDIM TƏŞKİLATININ 10 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 23-də “Köhnə dəyirman” restoranında Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı 10 illiyinə həsr olunmuş tədbir keçirmişdir.
UAFA təşkilatının təsisçisi Qvendolin Börçel bildirmişdir ki, bu qurum Böyük Britaniyanın qeyri-hökumət xeyriyyə təşkilatıdır və 1998-ci ildən yalnız Azərbaycanda fəaliyyət göstərir.
UAFA-nın yaranması ilə bağlı məlumat verən Q.Börçel demişdir ki, təmsil etdiyi qurumun Xaçmaz, Gəncə və Yasamal rayonlarında filialları fəaliyyət göstərir. Təşkilatın missiyası uşaqların sağlamlığı və təhsili xüsusi diqqət mərkəzində olmaqla sosial həyatın uzunmüddətli inkişafına kömək etməkdir.
Tədbirdə əlil uşaqlarla bağlı film nümayiş etdirilmişdir.
Xarici İşlər Nazirliyinin müavini Mahmud Məmmədquliyev bildirmişdir ki, UAFA təşkilatı əsas diqqəti uşaqlara, səhiyyə və təhsilə verməklə Azərbaycanda həyatın uzunmüddətli inkişafına yardım göstərmək missiyasını öz üzərinə götürərək çox işlər görmüşdür. Əlilliyi olan uşaqların potensial imkanlarının üzə çıxarılmasında bu təşkilatın fəaliyyəti təqdirəlayiqdir.
UAFA uğurlar arzulayan təhsil nazirinin müavini İradə Hüseynova,
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və başqaları bu qurum ilə bağlı müsbət fikirlər söyləmişlər.
Tədbirdə Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin, Böyük Britaniya, İsrail, Almaniyanın Azərbaycandakı səfirliklərinin, eləcə də tərəfdaş təşkilatların nümayəndələri iştirak etmişlər.