SİYASƏT
Azərbaycanda “Akkreditasiya haqqında” yeni qanun hazırlanır
Bakı, 24 fevral (AZƏRTAC, Aidə Quluzadə). Azərbaycanda “Akkreditasiya haqqında” yeni qanun hazırlanır.
AZƏRTAC xəbər verir ki, yeni qanunun layihəsi fevralın 24-də Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında ikinci oxunuşda müzakirə olunmuşdur. İclasın əvvəlində Milli Məclisin deputatları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmiş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən, qəbul edilən sənədlərdən danışmışlar.
Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə çıxarılan “Akkreditasiya haqqında” yeni qanun layihəsinin əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, sənəd iqtisadiyyatın inkişafı, daxili bazarın təhlükəsizliyinin qorunması, Azərbaycan məhsullarının dünya bazarına çıxarılması və beynəlxalq aləmdə sertifikatlarının tanıdılması baxımından vacibdir. Bildirilmişdir ki, ölkəmizin dünya bazarına çıxardığı məhsulların sayı ildən-ilə çoxalır. Xüsusilə də qeyri-neft sektoru üzrə ölkədə istehsal olunan məhsulların çeşidi getdikcə artmaqdadır.
Müzakirələr zamanı müxtəlif təkliflər səsləndirilmişdir. Qeyd olunmuşdur ki, layihənin birinci oxunuşunda müzakirələr zamanı verilən təkliflərin müvafiq sayılanları sənəddə öz əksini tapmışdır. Məlumat verilmişdir ki, qanun akkreditasiya sahəsində fəaliyyət göstərən şəxslər arasında yaranan münasibətlərin dövlət tənzimləməsinin və bu sahədə beynəlxalq əməkdaşlığın əsaslarını müəyyən edəcəkdir. Eyni zamanda, layihədə akkreditasiyanın aparılma qaydası, prinsipləri, bu sahədə nəzarət, şikayət hüququ, beynəlxalq əməkdaşlıq və digər məsələlər əksini tapmışdır. Sənəddə göstərilir ki, akkreditasiya attestatı verilməsi barədə qərar qəbul edildiyi gündən 2 gün müddətində uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan şəxsə təqdim ediləcəkdir. Akkreditasiya attestatı verildiyi tarixdən 4 il müddətində etibarlı olacaqdır.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunmuşdur.