“Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiya keçirilir YENİLƏNİB VİDEO










Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyası işə başlayıb. Elmi sessiya AMEA-nın 80 illiyinə həsr edilib. Əvvəlcə iştirakçılar Arxeologiya və Antropologiya İnstitutunun son dövrlərdə apardığı tədqiqatlar zamanı aşkar edilmiş mühüm artefaktların nümayiş olunduğu sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun arxeoloji ekspedisiyaları nəticəsində tapılan yeni materialların elmi-tədqiqatlar aparılmasına geniş imkanlar yaratdığını qeyd edib. AMEA rəhbəri, eyni zamanda, arxeoloji materiallar əsasında məqalələrin dərc olunmasının vacibliyini vurğulayıb.
AMEA-nın prezidenti diqqətə çatdırıb ki, arxeologiya müasir dövrdə digər elm sahələri ilə əlaqələr nəticəsində öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.
Akademik İsa Həbibbəyli yeniləşən Akademiya modelinə uyğun olaraq həyata keçirilən struktur islahatları çərçivəsində Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adının dəyişdirilərək Arxeologiya və Antropologiya İnstitutu adlandırılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırıldığını və həmin vəsatət əsasında Nazirlər Kabinetinin qərarı ilə yeni institutun formalaşdırıldığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu qərarın dövlət səviyyəsində qəbul edilən mühüm addımlardan biri olduğunu qeyd edərək bildirib ki, müasir dövrün tələblərinə uyğun olaraq institutda daxili imkanlar və mövcud ştat vahidləri hesabına İslam dövrü arxeologiyası, etnoarxeologiya, məhkəmə arxeologiyası, Xəzər arxeologiyası, Qarabağ arxeoloji ekspedisiyası kimi yeni və təkmilləşdirilmiş elmi-tədqiqat strukturları yaradılıb: “Həmçinin yaxın gələcəkdə institut nəzdində Arxeoloji Fondun yaradılması planlaşdırılır. Bu islahatlar institutun qarşısında yeni çağırışlar formalaşdırmaqla yanaşı, Azərbaycanda arxeologiya və antropologiya sahələrində fundamental və innovativ elmi araşdırmaların aparılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir”.
AMEA rəhbəri son illərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı arxeoloji tədqiqatlar aparıldığını, elmə məlum olmayan çoxsaylı maddi mədəniyyət abidələrinin aşkar edildiyini deyib. O, Naftalan şəhərində, Goranboy rayonunda, Beşbarmaq dağında, eləcə də Qarabağ bölgəsində institutun arxeoloji ekspedisiyalarının fəaliyyəti ilə birbaşa yerində tanış olduğunu söyləyərək, Qarabağ, Qazax-Gəncə və cənub bölgələrində aparılan tədqiqatlarla da yaxından tanış olacağını vurğulayıb. Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti tərəfindən arxeoloqlara dron və GPS cihazlarının təqdim edildiyini bildirərək, müasir texnologiyaların tətbiqinin arxeoloji tədqiqatların keyfiyyət və səmərəliliyini artıracağına əminliyini bildirib. Həmçinin aparılan arxeoloji tədqiqatların şəffaflığının təmin edilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Alim son dövrlərdə institutun maddi-texniki bazasının gücləndirilməsi və arxeoloji tədqiqatların genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, arxeoloji materiallar əsasında qələmə alınan məqalələrin, monoqrafiyaların sayının artırılmasının vacibliyini vurğulayıb, həmçinin institutun jurnalının müasir dövrün tələblərinə uyğun formatda nəşrinin zəruriliyini qeyd edib. Akademik İsa Həbibbəyli arxeoloji tədqiqatlarda beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunaraq, bu əlaqələrin Azərbaycan elminin dünyada təbliği baxımından önəmli olduğunu bildirib.
Sonra çıxış edən Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev Azərbaycanda arxeologiya və antropologiya elm sahələrinin öz inkişaf tarixinin olduğunu söyləyib. Bildirib ki, arxeoloji abidələrin xəritəsi ölkəmizin uzaq daş dövründən son orta əsrlərədək zəngin tarix və mədəniyyətə sahib olduğunu sübut edir. Yazıyaqədərki təxminən iki milyon illik qədim tariximiz arxeoloji tədqiqatlar əsasında öyrənilir.
“Arxeoloqlar sovet hakimiyyəti dövründə Azərbaycan tarixinin bir sıra qaranlıq məsələlərinə aydınlıq gətirmiş, yeni arxeoloji kəşflər nəticəsində ölkəmizin tarixinin qədimiliyini əsaslı sübutlarla üzə çıxarmışlar”, - deyən direktor vurğulayıb ki, Qobustanda ilk arxeoloji qazıntılar, Gəncə-Qazax bölgəsində erkən əkinçilik mədəniyyətini əks etdirən qədim yaşayış yerləri, Mingəçevir, Örənqalada arxeoloji tapıntılar, Qarabağda Paleolit dövrünə aid Azıx və Tağların kəşfi və digər məkanlar ölkəmizin qədim tarixinin mövcudluğunu elmi dəlillərlə sübuta yetirib.
Fərhad Quliyev ötən il institut əməkdaşlarının 30 məqaləsinin xaricdə nəşr olunduğunu, beynəlxalq arxeoloji ekspedisiyaların sayının isə 9-a çatdığını söyləyib. O, bir sıra qurumlarla sıx əməkdaşlıq sayəsində ölkənin əksər rayonlarında tarixi abidələrimizin tədqiqi, qeydiyyatı, qorunması işlərində institutun fəal iştirak etdiyini vurğulayıb.
Direktor azad edilmiş ərazilərdə beynəlxalq ekspedisiyaların fəaliyyət göstərməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı Tunc dövrü “Kurqan çölü” və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksi, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx-Tağlar Paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri-Şərifan orta əsr şəhər yeri – istiqamətləri üzrə aparılacaq. Xüsusi olaraq Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir.
Elmi sessiyada Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən ötən il Xocalı, Şəmkir, Şəhri-Şərifan, Muncuqlutəpə və Mərdangölü nekropolları, Xaraba Gilan şəhər yerindəki İkinci Memorial kompleks, Əlişa (Divəka) qalası, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Əsgəran qalası, Türkiyənin İğdır vilayəti, Azərbaycanın cənub-şərq bölgəsi və digər ərazilərdə aparılan tədqiqatlar haqqında çıxışlar dinlənilib.
Elmi sessiya mayın 15-dək davam edəcək.