Azərbaycanda auditor və mühasib peşələrinin inkişafı sahəsində ACCA ilə əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı, 30 oktyabr, AZƏRTAC
Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) nümayəndələri arasında görüş keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov iki peşəkar qurum arasındakı əməkdaşlıqdan danışıb. Bildirib ki, ötən dövr ərzində ACCA-nın müxtəlif vəzifəli təmsilçiləri Auditorlar Palatasının keçirdiyi beynəlxalq tədbirlərdə yaxından iştirak edib, audit və mühasiblik sahəsində peşənin inkişafına dair dəyərli fikirlər səsləndiriblər.
O, bu il Auditorlar Palatası və ACCA arasında yenilənmiş anlaşma memorandumunu xatırladıb və vurğulayıb ki, əməkdaşlığın belə bir inkişaf trayektoriyası bizim üçün tədris standartlarının daha da yüksək səviyyəyə qaldırılmasında mühüm əhəmiyyət kəsb edir: “Biz ACCA üzvləri ilə sıx əməkdaşlıq edirik, onları təlimçi qismində seminarlara, ixtisasartırma proqramlarına dəvət edirik, müxtəlif işçi qruplarında onların peşəkar təcrübəsindən və biliklərindən faydalanırıq. Biz Auditorlar Palatasının üzvləri sırasında ACCA-nın akkreditasiyasını keçmiş və müvafiq sertifikatlara yiyələnmiş auditorların sayının çox olmasında maraqlıyıq”.
Görüşdə anlaşma memorandumundan irəli gələn məsələlər və qarşıda duran öhdəliklər müzakirə olunub, ACCA tərəfindən Auditorlar Palatasına peşəkar inkişaf və təlim resurslarından istifadə etmək imkanının verilməsi və Azərbaycanda auditor və mühasib peşələrinin inkişafı sahəsində əməkdaşlıq üzrə geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, müzakirə edilmiş məsələlər üzrə yaxın günlərdə praktiki işlərə başlanılacaq.