AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN İNKİŞAF ETDİRİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 20-də “Park Inn” mehmanxanasında Azərbaycanda korporativ sosial məsuliyyətin inkişafına həsr olunmuş “Gələcəyə sərmayə” mövzusunda konfrans işə başlamışdır. Tədbir “Azercell Telekom” MMC, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının və BMT-nin Uşaq Fondunun (YUNİSEF) təşəbbüsü ilə təşkil edilmişdir. İqtisadi İnkişaf Nazirliyinin dəstək verdiyi bu toplantıda ölkəmizdə fəaliyyət göstərən iri şirkət rəhbərləri, QHT nümayəndələri, beynəlxalq ekspertlər, diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Konfransın açılışında “Azercell Telekom”un vitse-prezidenti Ali Ağan cəmiyyətin rifahının yaxşılaşdırılmasında korporativ sosial məsuliyyətin önəm daşıdığını qeyd etmişdir.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer bu qurumun bizneslə əməkdaşlıq sahəsində qlobal təcrübəsindən danışmışdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə “Sosial strategiyanın prioritetləri və maliyyə təminatı” mövzusunda çıxış etmişdir.
İki gün davam edəcək tədbirdə korporativ sosial məsuliyyətə həsr olunmuş müxtəlif mövzular müzakirəyə çıxarılacaqdır. Sosial problemlərin həllində biznesin rolu, uşaq əməyinin ləğv edilməsi problemində işə götürənlərin məsuliyyəti, korporativ sosial məsuliyyətin inkişafında medianın mövqeyi, bu sahədə korrupsiya ilə mübarizədə biznesin rolu və s. mövzular ətrafında məruzələr dinləniləcəkdir. Xarici qonaqlar və beynəlxalq ekspertlər konfrans iştirakçılarını inkişaf etmiş ölkələrdə bu sahədəki vəziyyətlə tanış edəcəklər.