Azərbaycanda məhkəmələrin 60 faizindən çoxu “Elektron məhkəmə” sisteminə qoşulub
Bakı, 30 aprel, AZƏRTAC
Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda məhkəmənin bundan sonrakı inkişafını təmin edəcək bir çox qanunvericilik, institusional və praktiki əhəmiyyətli tapşırıq və tövsiyələr verilib. Bunların arasında Azərbaycanda ədalət mühakiməsinin rəqəmsallaşdırılması işinin daha da genişləndirilməsi, bütövlükdə bu prosesin daha da təkmilləşdirilməsi barədə tapşırıq da var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ədliyyə nazirinin müavini Azər Cəfərov aprelin 30-da jurnalistlərə müsahibəsində deyib.
Nazir müavini bildirib ki, bu tapşırıq dövlətimizin başçısının 2014-cü il fevralın 13-də imzaladığı “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasına dair Sərəncamın davamıdır. Ötən müddətdə bu istiqamətdə xeyli iş görülüb. Artıq “Elektron məhkəmə” sistemi fəaliyyətdədir. Bu gün məhkəmələrin 60 faizindən çoxu və qərarları icra edən qurumların da xeyli hissəsi bu sistemə qoşulub. Qarşımızda duran mühüm vəzifələrdən biri də vətəndaşlarımızı, digər istifadəçiləri “Elektron məhkəmə”nin imkanları barədə daha ətraflı tanış etmək, onlarda bu sistemdən yararlanmaq vərdişlərini aşılamaqdır. Hesab edirik ki, vətəndaş cəmiyyəti və KİV nümayəndələri bu işdə yardımçı ola bilərlər. Ona görə də bir neçə təqdimat hazırlanıb və bu gün nümayiş etdirildi.