SİYASƏT
Azərbaycanda mövcud etnik-dini durum barədə fikir mübadiləsi aparılmışdır
Bakı, 3 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının iqamətgahında arxiyepiskop Aleksandr ilə görüşmüşdür.
Dövlət müşavirliyi xidmətidən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılmış, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanmışdır.
Dövlət müşaviri ölkə rəhbərliyinin dövlət-din münasibətləri sahəsinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışmışdır.
Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşı, o cümlədən pravoslav xristian icması üçün Azərbaycanda mövcud olan demokratik-hüquqi və mədəni-mənəvi şəraitə görə Azərbaycan xalqına, dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.