İQTİSADİYYAT
“Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” tvinninq layihəsi təqdim olunmuşdur

Bakı, 3 aprel (AZƏRTAC, Xalid Məmmədov). Aprelin 3-də Bakıda “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” tvinninq layihəsinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Avropa İttifaqı ilə birgə həyata keçirilən layihənin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, komitə Avropa İttifaqı ilə uzun illərdir sıx və uğurlu əməkdaşlıq etməkdədir. Ölkə iqtisadiyyatının gücləndirilməsi və yerli sənayenin rəqabət imkanlarının artırılmasının əsas elementlərindən biri olan standartlaşdırma və texniki tənzimləmə məsələləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu sahənin həm qanunvericilik, həm də institusional baxımından inkişaf etdirilməsi, yeni texniki komitələrin yaradılması, yeni milli standartların qəbulu və digər istiqamətlərdə islahatların həyata keçirilməsi davam etdirilir.
R. Həsənov vurğulamışdır ki, tvinninq layihəsinin əsas məqsədi standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsidir. Layihəyə texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və digər komponentlər daxildir.
Təqdimat mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi qurumla ölkəmizin əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirmişdir. Tərəflər arasında əlaqələrin inkişaf etdirilməsində mövcud olan qarşılıqlı marağın önəmini diqqətə çatdıran Malena Mard texniki tənzimləmə və standartlaşdırma sahələrində tvinninq layihəsinin rolunu vurğulamışdır.
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, Fransa səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Erve Sarnelli, Avropa Komissiyasının Sənaye və Müəssisə Baş Direktorluğunun müşaviri Norbert Anselman çıxış edərək layihənin uğurla icra olunmasını arzulamış, texniki tənzimləmə və standartlaşdırma sahəsində Avropa İttifaqı siyasəti və beynəlxalq əməkdaşlıq haqqında fikirlərini bölüşmüşlər.
Təqdimat mərasimində tvinninq layihəsinin məqsədləri, komponentləri və icra ediləcək tədbirlər barədə məlumat xarakterli çıxışlar olmuşdur. Qeyd edilmişdir ki, komitə Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün layihə çərçivəsində Böyük Britaniya, Fransa və Sloveniya konsorsiumu ilə əməkdaşlıq edəcəkdir. İki il müddətində icra olunacaq layihə çərçivəsində keyfiyyət infrastrukturu ilə bağlı milli qanunvericiliyin Avropa İttifaqı və Dünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması, Azərbaycan üçün spesifik, milli maraqları təmin edən beynəlxalq və Avropa səviyyəsində standartlaşdırma proseslərində iştirakı əlaqələndirəcək SMPDK-nın nəzdində 10 texniki komitənin yaradılması, standartların informasiya məlumat bazasının, onların onlayn satışı üzrə müasir sistemin qurulması nəzərdə tutulur.