Azərbaycanda tətbiq olunan SMS göndərmə xidməti MDB ölkələrində maraqla qarşılanmışdır
Bakı, 8 fevral (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) tərəfindən sabit telefon şəbəkəsi abonentləri üçün tətbiq edilən “107” SMS xidmətinin bənzəri digər ölkələrdə olsa da, ölkəmizdə istifadəyə verilən bu xidmət böyük üstünlüyə malikdir. Azərbaycanda tətbiq edilən bu yenilik MDB-yə üzv dövlətlərin də marağına səbəb olmuşdur.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, bu sistemlə maraqlanmış Türkmənistan və Qırğızıstan oxşar texnologiyanı ölkələrində tətbiq etməyə hazırlaşır. Qeyd edək ki, bu xidmətin istifadəyə verilməsi nəticəsində sabit telefon şəbəkəsi abonentləri mobil telefon şəbəkəsi abonentlərinə SMS göndərmək imkanı qazanmışlar.