AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFI ÜÇÜN GENİŞ İMKANLAR VƏ LAZIMİ İNFRASTRUKTUR VARDIR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV DÜNYA TURİZM TƏŞKİLATININ BAŞ KATİBİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 11-də Prezident sarayında Dünya Turizm Təşkilatının (DTT) baş katibi Françesko Franjiallini qəbul etmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev qonağı salamlayaraq, onun
Azərbaycana maraq göstərməsindən, ölkəmizə səfər etməsindən məmnun olduğunu söylədi.
Cənab Françesko Franjialli müstəqil Azərbaycan Respublikasına ilk dəfə səfər etdiyini, lakin cavanlığında, 1974-cü ildə bir məmur kimi ölkəmizdə olduğunu bildirdi.
Prezident Heydər Əliyev dedi ki, 1974-cü ildə mən Azərbaycana başçılıq edirdim. Amma indi Azərbaycan müstəqil dövlətdir. Biz müstəqil dövlət kimi istəyirik ki, bütün beynəlxalq təşkilatlarla daha sıx əlaqəmiz olsun.
Françesko Franjialli vurğuladı ki, müstəqil Azərbaycan Respublikası Dünya Turizm Təşkilatına daxil olandan bir il sonra burada Sizinlə görüşməyimiz bizim üçün böyük şərəfdir və çox xoş hisslər keçiririk.
Cənab Prezident, turizm elə bir fəaliyyət sahəsidir ki, adətən, onun ölkə iqtisadiyyatına nələr verə biləcəyini heç də həmişə yaxşı hesablamırlar.
Bir sıra çətinliklərə, xüsusilə 11 sentyabr hadisələrinə baxmayaraq, keçən il 693 milyon adam turist kimi bir ölkədən başqa ölkəyə getmişdir. Bunun nəticəsində 462 milyard ABŞ dolları xərclənmişdir. Qazanc sahəsi kimi götürəndə, başqa sahələrlə müqayisədə turizm bəzən birinci, bəzən ikinci yeri tutur. Qarşıdakı 25 ildə turistlərin sayı 3 dəfə artacaqdır. 2010-cu ildə 1 milyarddan yuxarı olacaq, 2020-ci ildə isə 2 milyarda yaxınlaşacaqdır. Mən bilirəm ki, Azərbaycan məşhur neft ölkəsidir. Elə illər olur ki, neftdən gələn gəlir, bəzən isə əksinə, turizmdən əldə edilən gəlir çox olur.
Bu yaxınlarda Yohannesburqda keçirilən sammitdə yer üzündə yoxsulluğa qarşı mübarizə aparmaq üçün ən mühüm vasitələrdən biri də turizmin inkişafı hesab edilmişdir. Turizmin inkişafı, iqtisadiyyata turizmin yardım göstərməsi üçün çox işlər görmək lazımdır. Elə etmək lazımdır ki, bu, həm də yeni iş yerlərinin açılmasına gətirib çıxarsın.
Daha sonra Azərbaycanda turizmin inkişafına toxunan qonaq dedi ki, onun çox böyük perspektivləri vardır. Turizmin inkişafı Azərbaycanda qadınlar, gənclər üçün yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Kənd yerlərində bir qədər yeniliklər etmək, dəyişikliklər aparmaq lazımdır ki, yeni iş yerləri yaratmaq mümkün olsun.
Azərbaycana mənim səfərimin məqsədi ondan ibarətdir ki, turizm fəaliyyəti ilə bağlı ölkənizin imkanlarını araşdırım, respublikanızın turizm potensialı ilə yaxından tanış olum və həm də dəqiqləşdirim ki, bizim təşkilatımız burada turizmin inkişafı üçün hansı yardımı, köməyi göstərə bilər.
Prezident Heydər Əliyev qonağın dedikləri ilə razılaşaraq dedi: gətirdiyiniz rəqəmlər onu göstərir ki, turizm doğrudan da gündən-günə inkişaf edəcək və hər ölkəyə çox gəlirlər gətirəcəkdir. Bu, təbiidir, iqtisadiyyat inkişaf etdikcə, insanların rifahı yaxşılaşdıqca hər kəs istəyir ki, başqa bir ölkəyə getsin, başqa bir yeri görsün. Demək, turist kimi səyahət etməyi arzulayır.
Təsadüfi deyil ki, indi dünyada ən çox turist iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən - ABŞ-dan, Avropa ölkələrindən gedir.
Azərbaycan müstəqil bir dövlət kimi, iqtisadi inkişaf yolundadır. Biz görürük ki, Azərbaycanda əhalinin başqa ölkələrə qısa və uzun müddətli istirahətə, səyahətə getməyə marağı ilbəil artır. Onlar Azərbaycanda qazandıqları pulları aparıb başqa ölkələrdə xərcləyir və həmin ölkələrə gəlir gətirirlər. Amma biz istəyirik ki, başqa ölkələrdən turistlər Azərbaycana gəlsinlər, pullarını burada xərcləsinlər və bizə gəlir gətirsinlər. Yəni, biz həm Azərbaycandan başqa ölkələrə turizmi dəstəkləyirik, həm də indi tədbirlər görürük və sizinlə birlikdə bu tədbirləri həyata keçirməliyik ki, xarici turizm üçün müvafiq şərait yaradaq. Azərbaycanın təbiəti və Azərbaycanda olan bütün başqa infrastruktur buna imkan verir ki, ölkəmizə turistlər gəlsinlər.
Azərbaycanda turizmi inkişaf etdirmək üçün çox böyük imkanlar var.
Turistləri qəbul etmək üçün otellərin də sayı artıbdır. Siz “Həyat Recensi” otelində qalırsız? Mənə elə gəlir ki, turistlər üçün çox münasib oteldir.
Güman edirəm ki, gənclər, idman və turizm naziri Azərbaycanda axşam istirahətini keçirmək üçün müxtəlif əyləncə yerlərini də göstərə bilər.
Dövlətimizin başçısı görüşdə iştirak edən nazir Əbülfəz Qarayevə tapşırdı ki, sən bir saatlıq proqram hazırla, bütün əyləncə yerlərinin hərəsinə 10 dəqiqə vaxt ayır. Qoy qonaq görsün ki, axşamlar bizim adamlar necə istirahət edirlər və burada nə qədər imkanlar var.
Buradakı bəzi istirahət yerləri Fransadakından heç də geri qalmır.
Ancaq mən bizim gənclər, idman və turizm nazirinə tapşırmışam ki, Azərbaycanda turizmin inkişafı üçün çox ciddi, əsaslandırılmış proqram hazırlansın. Mən Azərbaycana gələn turistləri deyirəm. Biz başqa ölkələrdən Azərbaycana turistləri cəlb etməliyik. Təbiidir, bu işdə dünya təcrübəsindən çox səmərəli istifadə etmək lazımdır. Azərbaycana sizin səfəriniz də bu baxımdan bizə çox kömək edəcəkdir.
Cənab Françesko Franjialli belə bir məqamı da vurğuladı ki, onların apardıqları araşdırmalar inkişaf etməkdə olan ölkələrin turizmdən daha çox xeyir götürdüyünü göstərir. İnkişaf etmiş ölkələrdən varlı insanlar inkişaf etməkdə olan ölkələrə səfər etməyi üstün tuturlar. Ola bilsin ki, bu, hələlik Azərbaycanın nümunəsində özünü tamamilə göstərmir. Amma mən əminəm ki, zaman keçdikcə, buradakı imkanları görərək, yaratdığınız infrastrukturdan istifadə edərək, turistlərin axını çoxalacaqdır.
Qonaq dedi ki, buraya yüksək səviyyəli mütəxəssis-ekspert göndərmişdik ki, Azərbaycanda turizmin gələcəyi ilə bağlı araşdırma aparsın. Biz qayıdandan sonra o, öz təkliflərini bizə təqdim edəcəkdir. Turizmlə bağlı marketinq məsələləri, turizm bazarının öyrənilməsi, təkliflərin verilməsi sahəsində bizim çox zəngin təcrübəmiz var. Müstəqil dövlət kimi Azərbaycanın həm arzu və istəklərini, həm də imkanlarını nəzərə alaraq, onun turizm sahəsindəki problemlərinə xüsusi diqqət yetirəcəyik.
X X X
Görüşdə Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.
AzərTac
Foto Oqtay Aydınoğlunundur