“AZƏRBAYCANDA YERLİ DEMOKRATİYA HƏFTƏSİ” YERLİ ÖZÜNÜİDARƏETMƏNİN İNKİŞAFINA MÜHÜM TƏSİR GÖSTƏRƏCƏKDİR
AVROPA ŞURASININ “AVROPADA YERLİ DEMOKRATİYA HƏFTƏSİ” TƏŞƏBBÜSÜ AZƏRBAYCAN QƏSƏBƏ BƏLƏDİYYƏLƏRİ TƏRƏFİNDƏN DƏ MÜDAFİƏ OLUNUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Rəşid Behbudov adına Dövlət Mahnı teatrında Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin və Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiya həftəsi”nə hazırlıqla əlaqədar qəsəbə bələdiyyələri sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.
Müşavirədə Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bölmə müdiri Ramiq Həşimov, məsul işçi Rüfət Əliyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev, Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov və 145 qəsəbə bələdiyyəsinin sədrləri iştirak etmişlər.
Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov bildirmişdir ki, demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycanda yerli özünüidarəetmə orqanları son illər sürətlə inkişaf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmə sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Vətəndaşların fəallığını artırmaqla bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilmişdir.
Avropa Şurasının yaradılmasının 50 illiyi ilə əlaqədar cari il oktyabrın 15-dən “Avropada yerli demokratiya həftəsi”nin keçirilməsinə başlandığı və bu təşəbbüsün Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələri milli assosiasiyaları tərəfindən dəstəkləndiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, milli assosiasiyalar 2007-ci il noyabrın 5-dən 11-dək “Azərbaycanda yerli demokratiya həftəsi”nin keçirilməsi təklifini irəli sürmüş və bu, həm dövlət orqanları, həm də yerli bələdiyyələr tərəfindən dəstəklənmişdir.
İ.Xəlilov qeyd etmişdir ki, yerli demokratiya həftəsi bələdiyyələrin inkişafında, vətəndaşlar arasında onların nüfuzunun möhkəmlənməsində mühüm rol oynayacaqdır. Həftə ərzində bələdiyyələr tərəfindən yerli əhali ilə təmaslar daha da intensivləşməli, təşkil ediləcək görüşlərdə vətəndaşların fəal iştirakı təmin olunmalı, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində demokratik prinsiplərin möhkəmləndirilməsinə xüsusi önəm verilməlidir. Bələdiyyələr həftə ərzində görülmüş işlərlə öz vəzifələrini bitmiş hesab etməməli, qazanılmış təcrübədən daim faydalanmağa çalışmalıdırlar.
Müşavirədə Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Mahir Allahyarov “Azərbaycanda yerli demokratiya həftəsi”nin keçirilməsi ilə əlaqədar bələdiyyələr tərəfindən təşkil ediləcək tədbirlərə dair tövsiyələr barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, həftə 2 mərhələni - əvvəlcə hazırlıq tədbirlərini, ikinci mərhələdə isə görüləcək işlər və yekun mərhələsini əhatə edəcəkdir. Tövsiyələrdə “Açıq qapı” günlərinin, vətəndaşlarla görüşlərin, açıq müzakirələrin təşkili, irəli sürülən təkliflərin qeydiyyatının aparılması, qaldırılan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsi, “qaynar telefon” xətlərinin yaradılması, “bələdiyyə poçtu”nun qurulması, fəaliyyətin nəticələrini əks etdirən lövhənin hazırlanması, bələdiyyələrin fəaliyyəti haqqında məlumatların aşkar şəkildə əhaliyə çatdırılması və digər məsələlər öz əksini tapmışdır.
Həftə ərzində “Azərbaycanda yerli demokratiya həftəsini dəstəkləyirik”, “Azərbaycanda yerli demokratiya həftəsində fəal iştirak edək”, “Bələdiyyələr vətəndaş cəmiyyətinin dayağıdır”, “Şəffaflıq demokratiyanın əsasıdır”, “Bələdiyyə-vətəndaş yaxınlığı zamanın tələbidir” və s. devizlərdən istifadə tövsiyə edilir.
Müşavirədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov, Naxçıvan Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri Rauf Əliyev, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin sədri Musa Musayev, Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov, Badamdar bələdiyyəsinin sədr müavini Mustafa Ramiq, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev və başqaları çıxış edərək, son illər Azərbaycanda yerli özünüidarəetmənin inkişafı sahəsində görülmüş işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurlu icrası nəticəsində yerlərdə əhalinin rifah halının yaxşılaşması, bələdiyyələrin yerli infrastrukturun inkişafında, əhalinin sosial problemlərinin həllində rolu barədə məlumat vermişlər.
Bildirilmişdir ki, hələ oktyabrın 15-də İctimai televiziyada bələdiyyələrin fəaliyyəti ilə əlaqədar nümayiş olunmuş verilişdə respublika bələdiyyələrinin Avropa Şurasının “Avropada yerli demokratiya həftəsi” təşəbbüsü dəstəklənmiş və bu həftənin Azərbaycanda da təşkili məqsədəuyğun hesab edilmişdir. Qeyd olunmuşdur ki, qəsəbə bələdiyyələri “Azərbaycanda yerli demokratiya həftəsi”nin keçirilməsi ilə əlaqədar təklifi bəyənirlər və tövsiyə olunan tədbirlərin tam həyata keçirilməsinə nail olunacaqdır.
Müşavirədə Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri Ramiq Həşimov çıxış edərək diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 22-də keçirilmiş 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımızın nitqinə yönəltmişdir. Vurğulanmışdır ki, Azərbaycanda iqtisadi yüksəliş artan templə davam edir. Söz yox ki, bu inkişafda bələdiyyələrin də özünəməxsus rolu vardır. Bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, demokratik dəyərlərin təşəkkülü istiqamətində də uğurlu addımlar atılır. Cari ilin mayında Bakıda “Keçid cəmiyyətlərində demokratiya” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans Azərbaycanın demokratik dəyərlərə mühüm önəm verdiyini təsdiq edir.
Ötən ilin sonlarında bələdiyyələrin milli assosiasiyalarının yaradılmasına respublikada gedən demokratik proseslərin tərkib hissəsi kimi baxılmasının zəruriliyini vurğulayan R.Həşimov qeyd etmişdir ki, bu addım yerli özünüidarəetmədə canlanma yaratmışdır. 2007-ci ilin aprelində bələdiyyə sədrlərinin bölgələrdə rayon toplantıları, iyunun 27-də isə ümumrespublika müşavirəsi keçirilmiş, burada yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mövcud problemlərin həlli yollarının müəyyən edilməsi məsələləri ətraflı müzakirə edilmişdir. Milli assosiasiyalar tərəfindən irəli sürülmüş “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü bütün bələdiyyələr tərəfindən razılıqla qarşılanmışdır və bu layihələrin icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.
Bölmə müdiri təəssüf hissi ilə qeyd etmişdir ki, bir çox hallarda vətəndaşlar yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən xəbərsizdirlər, onlara görülmüş işlər barədə heç bir məlumat verilmir. Həftənin təşkilindən məqsəd məhz bələdiyyə sədrlərinin birbaşa xalqla təmasa cəlb edilməsi, yerli özünüidarəetmə orqanı üzvlərinin daim vətəndaşların arasında olması, görülmüş işlər barədə əhalinin məlumatlandırılmasıdır. Həftə ərzində tövsiyə edilən tədbirlərin lazımi səviyyədə təşkili vətəndaşların bələdiyyələrə inamını, onların işində fəallığını artıracaqdır. Bunun üçün təşkil ediləcək tədbirlərdə əhalinin daha geniş tərkibdə iştirakına nail olmaq lazımdır.
Noyabrın 5-dən 11-dək keçiriləcək həftənin hər bir vətəndaş tərəfindən hiss olunmasının, tədbirlər zamanı müasir texnologiyaların, kütləvi informasiya vasitələrinin imkanlarından maksimum istifadə edilməsinin vacibliyi xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, irəli sürülmüş tövsiyələr mütləq icra edilməlidir və onlara yeni təşəbbüslərin əlavə edilməsi qazanılacaq təcrübəni daha da zənginləşdirəcəkdir. Vətəndaşların keçiriləcək tədbirlərə kütləvi şəkildə cəlb edilməsi bələdiyyələrin fəaliyyətində demokratiyanı genişləndirəcəkdir və bu, daimi xarakter almalıdır.
Müşavirənin işinə yekun vuran Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri İlham Xəlilov aparılan müzakirələrin həftə ilə bağlı qarşıda duran vəzifələrin həllində müsbət rol oynayacağına əmin olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, həftə ərzində keçirilmiş hər bir tədbir haqqında 3 gün ərzində milli assosiasiyalara məlumat verilməlidir.