İQTİSADİYYAT
Azərbaycanın 58 rayonunda “elektron imza”nın istifadəsinə başlanılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycanın 58 rayonunda “elektron imza”nın istifadəsinə başlanılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə “Azərpoçt” MMC arasında imzalanan müqaviləyə əsasən müştəri xidmətləri şöbələrində qeydiyyat mərkəzləri (QM) yaradılmışdır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qeydiyyat mərkəzlərinə müraciət edən hər bir vətəndaş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri təqdim edir. Sənədlər yoxlanıldıqdan və xidmət haqqı ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır. Ərizəyə daxil edilən şəxsi məlumatlar İAMAS (Daxili İşlər Nazirliyinin bazası) ilə yoxlanıldıqdan və təsdiq edildikdən sonra məhsulun emalı prosesinə başlanılır. Tam məhsul paketləri (vətəndaşa aid olan smart kart, pin-kod zərfi, kağız daşıyıcıda olan 2 nüsxə sertifikat, 2 nüsxə müqavilə) müvafiq qeydiyyat mərkəzlərinə çatdırılır və vətəndaşlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edilir.
Vətəndaşların “e-imza”dan istifadəsini asanlaşdırmaq məqsədi ilə “www.e-imza.az” saytı istifadəyə verilmişdir. Bu sayt imza sahiblərinin fərdi məlumatlar əsasında axtarış aparmağa, sertifikatları yoxlamağa, “e-imzalayıcı” proqramını yükləməyə və eyni zamanda, onları maraqlandıran suallara cavab tapmağa imkan verir.