SİYASƏT
Azərbaycanın ABŞ-dakı səfiri etimadnamələrini ABŞ Prezidentinə təqdim etmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, yanvarın 18-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ağ Evdə keçirilmiş rəsmi mərasimdə etimadnamələrini ABŞ Prezidenti Barak Obamaya təqdim etmişdir.
Prezident Barak Obama Azərbaycan ilə ABŞ arasındakı dostluq və tərəfdaşlığın uzun tarixə malik olduğunu və birgə gündəliyə və aydın qarşılıqlı maraqlara əsaslandığını qeyd etmişdir. ABŞ Prezidenti beynəlxalq təhlükəsizlik səylərinə Azərbaycanın verdiyi həyati töhfələrin ABŞ-da yüksək dəyərləndirildiyini bildirmişdir. Prezident Azərbaycanı bütün Avratlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaş kimi səciyyələndirmişdir.
Səfir Elin Süleymanov iki dövlət arasında münasibətlərin və çoxşaxəli tərəfdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə Azərbaycanın sadiq olduğunu qeyd etmişdir.
Elin Süleymanov 2011-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunmuşdur. Diplomat bu təyinatadək Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışmışdır.