İDMAN
Azərbaycanın ağır atleti dünya çempionatında gümüş medal qazanmışdır
Bakı, 22 oktyabr (AZƏRTAC). Polşanın Vrotslav şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilir.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, çempionatın birinci günündə Azərbaycan milli komandasının bir üzvü körpücük üzərinə çıxmışdır. Qadınların yarışında Kristina Yovu (53 kq) qüvvəsini sınamış və böyük uğur qazanmışdır. O, gümüş medala sahib çıxmışdır.
Təmsilçimiz birdən qaldırma hərəkətində əvvəlcə 93, daha sonra 96, ən sonda isə 100 kiloqramlıq ştanqın öhdəsindən gəlmiş və bu hərəkətdə dünya çempionatının gümüş medalını qazanmışdır.
Təkanla qaldırma hərəkətində atletimiz əvvəlcə 113 kiloqramı ram etmişdir. Sonra sifariş verdiyi 120 kiloqramı qaldıra bilməsə də, üçüncü cəhdində 121 kiloqramın öhdəsindən gəlmişdir. O, təkanla qaldıram hərəkətində də gümüş medal əldə etmişdir.
Toplamda 221 kiloqram nəticə nümayiş etdirən Kristina Yovu dünya çempionatının ümumi sıralamasında ikinci yeri tutaraq, gümüş medal qazanmışdır.