AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏ ANKARADA İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 21-də Azərbaycanın Baş naziri Artur Rasizadə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlmişdir. Ankaranın Esenboğa hava limanında Azərbaycanın Baş naziri Artur Rasizadəni, onu müşayiət edən Baş nazirin müavini Abid Şərifovu, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevi, xarici işlər nazirinin müavini Xələf Xələfovu Türkiyənin dövlət naziri Said Yazıçıoğlu, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, digər rəsmi şəxslər qarşılamışlar.
Artur Rasizadə hava limanından Anıtqəbirə gəlmiş, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoymuş, Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Azərbaycanın Baş nazirinin ilk görüşü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olmuşdur. Artur Rasizadə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırmışdır. Rəcəb Tayyib Ərdoğan da onun səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etmişdir.
Görüşdə tərəflər qardaş ölkələrimiz arasında əlaqələrin türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun şəkildə inkişaf etməsindən məmnunluqlarını ifadə etmişlər. Vurğulanmışdır ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərində heç bir problem yoxdur. İstər siyasi-iqtisadi, istərsə də elmi-mədəni sahələrdə əməkdaşlıq durmadan inkişaf edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi qardaş xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir.
Görüşdən sonra Türkiyənin Baş nazirinin adından Azərbaycan hökuməti başçısının şərəfinə ziyafət verilmişdir.
Azərbaycanın Baş naziri Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan ilə də görüşmüşdür.
Köksal Toptan bidirmişdir ki, yüksələn xəttlə inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri digər ölkələr üçün örnək sayılmalıdır. Türkiyə parlamenti bu əlaqələrin möhkəmlənməsini daim diqqət mərkəzində saxlayır. Qardaş ölkələrimizin qanunverici orqanlarının əməkdaşlığı da yüksək səviyyədədir. Köksal Toptan iyunun 17-də Azərbaycan parlamentinin 90 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bakıya səfər edəcəyini söyləmişdir. Əlavə etmişdir ki, Azərbaycanın Baş nazirinin Ankaraya səfəri hökumətlərarası əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Parlamentdəki görüşdən sonra Azərbaycanın Baş naziri və onu müşayiət edən şəxslər Ankaradakı Heydər Əliyev Parkını ziyarət etmişlər. Onlar ulu öndərin əzəmətli abidəsinin önünə gül qoymuş, parkın ərazisi ilə tanış olmuşlar.
Səfərin sonunda Artur Rasizadəni və nümayəndə heyətinin üzvlərini Türkiyənin Prezidenti Abdullah Gül qəbul etmişdir.
Artur Rasizadə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Türkiyənin dövlət başçısına çatdırmışdır. Abdullah Gül də onun səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Abdullah Gül qardaş Azərbaycana dövlət səfərini və Prezident İlham Əliyev ilə məhsuldar görüşlərini məmnunluqla xatırlayaraq demişdir ki, bu gün iki ölkənin rəhbərləri arasında olan qardaşlıq münasibətləri və xalqlarımızın dostluğu ikitərəfli əməkdaşlığı daha yüksək səviyyələrə qaldırmağa imkan verir.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Həmin gün Azərbaycanın Baş naziri Artur Rasizadənin Ankaraya işgüzar səfəri başa çatmışdır.
