SİYASƏT
AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏ TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacan ilə görüşmüşdür.
Azərbaycan hökumətinin başçısı ümidvar olduğunu bildirmişdir ki, qardaş Türkiyənin xarici siyasət idarəsi başçısının ilk rəsmi səfəri zamanı əldə olunan razılaşmalar ölkələrimiz arasında əlaqələrin bindan sonra da genişlənməsinə xidmət edəcəkdir. Baş nazir həmçinin regionun aktual problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərin müzakirəsi üşün Azərbaycan ilə Türkiyə arasında məsləhətləşmə xarakterli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulamışdır.
Ölkələrimizin prezidentlərinin və müxtəlif dövlət qurumlarının rəhbərləri arasında qarşılıqlı əlaqələrin fəallaşdığını söyləyən Türkiyənin xarici işlər naziri Əli Babacan demişdir ki, bu il 30-dan çox idarələrarası səfər həyata keçirilmişdir. Qardaş ölkənin Xarici İşlər Nazirliyinin başçısı iqtisadi əlaqələrin dərinləşdirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
######