REGİONLAR
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan güc və nüfuzunun göstəricisidir ŞƏRH
Naxçıvan, 9 sentyabr, Nail Əsgərov, AZƏRTAC
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub, 5 Milli Prioritetdən biri olan “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlı sənəd qəbul edilib. Bu isə “yaşıl iqtisadiyyat”a keçidlə bağlı qarşıya yeni hədəflər qoyub. Bu hədəfləri uğurla icra edən Azərbaycan ötən dövrdə ən böyük layihələrə ev sahibliyi edib.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayev söyləyib.
Tarixçi-alim qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti böyük etimad və inamın göstəricisi, beynəlxalq miqyasda artan güc və nüfuzun təzahürüdür. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 20 ildə dövlət başçısının həyata keçirdiyi müstəqil siyasət sayəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub. COP29-a ev sahibliyi Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə ən tutarlı cavabdır.
Arzu Abdullayev vurğulayıb ki, ölkəmizin COP29-a ev sahibi kimi seçilməsi həm də Azərbaycanın qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət olaraq özünü tanıda bildiyini və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini göstərir. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə geniş imkanlar açacaq. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. Belə ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, əsrin ortasına qədər 1990-cı illə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.
Azərbaycanın uzun illər ərzində neft və qaz ehtiyatlarının ixracından əldə etdiyi gəlirləri səmərəli istifadə etməklə öz iqtisadiyyatını inkişaf etdirdiyini və iqtisadi müstəqillik qazandığını deyən tarixçi-alim bildirib ki, indi bu ehtiyatlar hesabına ölkəmiz qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməklə öz mövqeyini daha da möhkəmləndirə və təsir dairəsini daha da genişləndirə bilər. Bu baxımdan, COP29-un Azərbaycanda keçirilməsi onun bu mövqeyinin möhkəmlənməsi və bu istiqamətdə gördüyü işlərin, əldə etdiyi nəticələrin təbliğində böyük əhəmiyyət daşıyır. Eyni zamanda, sessiyanın Bakıda keçirilməsi Azərbaycanda özəl sektorun bu prosesə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu da azərbaycanlı sahibkarların qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına şərait yaradacaq.
“Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə qeyri-neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da aiddir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan “yaşıl enerji”yə keçidə hazırlaşmaqdadır. Bu baxımdan, COP29 tədbiri həmin keçidin daha səmərəli icrası ilə bağlı strategiyaların və görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi baxımından faydalı platformadır. Sessiya çərçivəsində dünyanın bu keçidlə bağlı daha çox təcrübəsi olan ölkələri ilə fikir mübadiləsinin aparılması və təcrübələrin bölüşülməsi Azərbaycanın “yaşıl enerji”yə keçid prosesinə öz töhfəsini verəcək”, - deyə prorektor əlavə edib.