İQTİSADİYYAT
Azərbaycanın elektrik enerjisi sistemi son iyirmi ildə böyük inkişaf yolu keçmişdir
Bakı, 15 oktyabr (AZƏRTAC). Oktyabrın 15-də “Azərenerji” ASC-nin idarə aparatında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan elektrik enerjisi sistemi-20 ildə” mövzusunda konfrans keçirilmişdir
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin ASC-nin binasındakı büstü önünə gül dəstələri düzmüşlər.
Səhmdar cəmiyyətin prezidenti Etibar Pirverdiyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Dövlət müstəqilliyinin çox mürəkkəb tarixi və siyasi şəraitdə bərpa edildiyini xatırladan natiq yalnız 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra dövlət quruculuğu sahəsində konkret addımlar atıldığını bildirmişdir. Ulu öndərin müəyyənləşdirdiyi yeni neft strategiyasının uğurlarından söz açan natiq vurğulamışdır ki, ümummilli liderimizin on illik rəhbərliyi dövründə müstəqil Azərbaycan əsrə bərabər inkişaf yolu qət etmişdir.
Ötən iyirmi ildə ölkəmizin elektrik enerjisi sisteminin də böyük inkişaf yolu keçdiyini, hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış möhkəm potensial əsasında Azərbaycanın müstəqil enerji sisteminin formalaşdığını qeyd edən SC-nin prezidenti demişdir ki, ulu öndərin müəyyənləşdirdiyi strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirərək Azərbaycanın elektrik enerjisi sistemində mühüm islahatlar və genişmiqyaslı quruculuq işləri həyata keçirir. Bütün bunların nəticəsində son 7 ildə respublikamızda 11 elektrik stansiyası tikilərək 1500 meqavatdan (MVt) artıq yeni generasiya gücləri istismara verilmiş və mövcud stansiyaların yenidən qurulması nəticəsində 600 MVt əlavə güc artımı əldə edilmişdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, ölkənin enerji sisteminin təhlükəsizliyi təmin edilmişdir. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqla təchiz edilmişdir. Nəticədə stansiyaların faydalı iş əmsalı artmış, 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.
Konfrans son 20 ildə elektrik enerji sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən bəhs edən sənədli filmin nümayişi ilə yekunlaşmışdır.