AZƏRBAYCANIN İKT SAHƏSİNDƏ REGİONDA LİDER DÖVLƏTƏ ÇEVRİLMƏSİ ÜÇÜN BÜTÜN İMKANLAR VAR
“BAKUTEL-2006” XII BEYNƏLXALQ TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SƏRGİ-KONFRANSININ AÇILIŞI MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
Əziz dostlar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və informasiya texnologiyaları üzrə beynəlxalq konfransın və sərginin açılışı münasibətilə təbrik edirəm. Bu, çox əlamətdar hadisədir və artıq Azərbaycanda bu konfransın və sərginin keçirilməsi ənənəvi xarakter alıbdır. Ancaq indiki konfrans əvvəlkilərdən fərqlənir, həm konfransa maraq artır, eyni zamanda, Azərbaycanın indi keçdiyi yol, xüsusilə informasiya-kommunikasiya texnologiyaları üzrə apardığımız siyasət deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə regionda öz mövqelərini möhkəmləndirir. Bizim arzumuz bundan ibarətdir ki, Azərbaycan bölgədə İKT üzrə lider dövlətə çevrilsin. Biz çox istəyirik ki, qabaqcıl dünya şirkətlərini Azərbaycana cəlb edək və burada İKT üzrə ən mütərəqqi təcrübəni tətbiq edək. Bunu etmək üçün bütün imkanlar var.
Burada nümayiş etdirilən filmdə göstərildi ki, hələ 2003-cü ilin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə İKT üzrə milli strategiya təsdiq edilmişdir. Ondan sonra müvafiq qanunvericilik bazası möhkəmlənmişdir, qanunlar qəbul olunmuşdur. 2004-cü ildə Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları nazirliyi yarandı. Yəni, bu göstərir ki, dövlət tərəfindən bu sahənin inkişafına böyük diqqət var, böyük maraq var. Bu, bir tərəfdən, Azərbaycanın hərtərəfli inkişaf etməsi üçün çox önəmli amildir, digər tərəfdən, bu, Azərbaycana yenilik gətirən sahədir. Ölkəmiz inkişaf edir, müasirləşir, biz öz iqtisadi potensialımızı möhkəmləndiririk. Belə olan halda, dünyada mövcud olan ən qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi bizim qarşımızda duran əsas vəzifələrdən biridir.
Bu sahənin həm Azərbaycan üçün, həm də dünya üçün çox böyük perspektivləri var. İndi dünyada elmi-texniki tərəqqi ilk növbədə İKT sahəsində müşahidə olunur. Bu da təbiidir. Çünki bu sahənin həm gözəl perspektivləri var, həm də insanların gündəlik həyatında İKT-nin müasir məhsulları çox geniş şəkildə tətbiq olunur. Azərbaycanın hərtərəfli inkişafı, müasirləşməsi bizdən tələb edir ki, İKT sahəsində dünyada gedən ən qabaqcıl təcrübəni Azərbaycana gətirək, burada tətbiq edək və geniş şəkildə yayaq.
Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi məsələləri də bizim prioritet məsələlərimizdən biridir. Bizim iqtisadiyyatımız çoxşaxəli olmalıdır. Qeyri-neft sektorunun inkişafı indi iqtisadi sahədə qarşıda duran ən vacib məsələlərdən biridir. Neft sahəsində Azərbaycan çox böyük uğurlar əldə etmişdir. Azərbaycanın uğurlu neft strategiyası bu gün ölkəmiz üçün, onun inkişafı üçün çox gözəl zəmin yaradır. Biz iqtisadi cəhətdən müstəqil ölkəyik. Enerji təhlükəsizliyi baxımından müstəqil ölkəyik və bundan əlavə, bölgə üçün, geniş mənada Avropa üçün enerji təhlükəsizliyi məsələlərində öz rolumuzu oynayırıq və bu rol getdikcə artacaqdır. Bizim uğurlu neft strategiyamız Azərbaycanın iqtisadi potensialının hərtərəfli inkişafının təməlini qoyur.
Azərbaycan iqtisadiyyatı keçən il 26 faiz, bu ilin 8 ayında isə 30 faizdən çox artmışdır. Bu, dünyada analoqu olmayan göstəricidir, həmin göstəriciyə görə Azərbaycan dünyada birinci yerdədir. Yəni bütün bunlar çox gözəl iqtisadi potensial yaradır. Biz öz potensialımızı, o cümlədən maliyyə resurslarımızı yeni sahələrin inkişafına yönəltməliyik. Azərbaycanda yeni sənaye kompleksləri yaradılmalıdır, sənayenin yeni istiqamətləri inkişaf etməlidir. Biz bilməliyik ki, beş ildən, on ildən sonra güclü iqtisadi potensialımızdan, neft sektorundan əldə olunan gəlirlər sərmayə kimi hansı sahələrə qoyulacaqdır. Bir çox sahə var, amma bunların içində İKT ən böyük önəm daşıyır. Bir tərəfdən, iqtisadi inkişaf baxımından, iqtisadiyyatımızın şaxələndirilməsi baxımından, biznes baxımından, eyni zamanda, Azərbaycanın hərtərəfli inkişafı baxımından. Çünki İKT sahəsi təhsilə çox böyük təsir göstərir. İnsanların savad, bilik almasına çox böyük təsir göstərir.
Bizdə çox gözəl gənc nəsil yetişir. Bilirsiniz ki, Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Son iki il ərzində Azərbaycanda 600-dən çox yeni məktəb tikilibdir və bütün məktəblərdə kompyuter sinifləri var. Azərbaycanda qəbul edilmiş proqrama əsasən, 2008-ci ilin sonuna qədər bütün ümumtəhsil məktəblərində kompyuter sinifləri olmalıdır və onlar bilavasitə internetə qoşulmalıdır. Bizim gənc nəslimiz bilikli, dünyaya açıq olmalıdır, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyil, yaxud da hansısa başqa iqtisadi nailiyyətlər deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar – bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir.
Azərbaycanda İKT sahəsinin inkişafına biz məhz bu prizmadan yanaşırıq. Bu, bir tərəfdən, biznes üçün çox əlverişli və ümidverici sahədir, Azərbaycanda dövlət və hökumət özəl sahibkarlığın inkişafı üçün dəstəyini əsirgəmir. Digər tərəfdən, bu, iqtisadi potensialın möhkəmlənməsi üçün çox önəmli amildir. Bu, insanların maarifləndirilməsi, bilik səviyyəsinin qaldırılması üçün, təhsil sisteminin təkmilləşməsi üçün çox önəmli məsələdir. Yəni, İKT sahəsinin ölkəyə təsiri çox genişdir. Əgər biz bunun hamısını nəzərdən keçirsək görərik ki, Azərbaycan bu sahədə uğur qazana bilsə, bu, ölkəmizin inkişafına çox müsbət təsir göstərəcəkdir.
Bir daha deyirəm, bunu etmək üçün bütün imkanlar var. İlk növbədə, bizim öz maliyyə resurslarımız var və biz onları sərmayə şəklində İKT sahəsinin inkişafı üçün yönəltməliyik. Digər tərəfdən, Azərbaycanda çox gözəl sərmayə mühiti var. Bu baxımdan, adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə Azərbaycan bölgədə lider dövlətdir. Azərbaycanda artıq genişmiqyaslı, dünya əhəmiyyətli transmilli layihələr həyata keçirilir. Azərbaycan beynəlxalq maliyyə qurumları ilə uzun illərdir çox səmərəli əməkdaşlıq edir. Biz çox etibarlı tərəfdaşıq və çox gözəl biznes nüfuzuna malik olan ölkəyik. Belə olan halda, xarici sərmayənin cəlb edilməsi, əminəm ki, bizim üçün daha da asan olacaqdır. Artıq biz bunu görürük. İKT sahəsinin ümumdaxili məhsuldakı çəkisi artır. Bu sahəyə qoyulan sərmayələr artır. Tanınmış, qabaqcıl xarici şirkətlər Azərbaycana maraq göstərirlər, Azərbaycana gəlirlər və bizimlə işləmək istəyirlər. Biz də bunu istəyirik. Yəni bu sahədə də Azərbaycan öz imkanlarından istifadə edib İKT üzrə bölgədə qabaqcıl mövqelərə malik olmalıdır.
Əlbəttə ki, bu sahədə dövlətin dəstəyi də çox böyük əhəmiyyət kəsb edir. Bu dəstək də var. Mən artıq qeyd etdim ki, hansı məsələlər öz həllini tapıb, hansı qərarlar verilibdir. Əlbəttə, dövlət tərəfindən verilən dəstək bu sahədə çalışan insanları da ruhlandırır. Prezident kimi mən bu sahəyə çox böyük diqqət göstərirəm, çox böyük önəm verirəm. Əminəm ki, bizim birgə səylərimiz nəticəsində Azərbaycan İKT üzrə dünyada məşhur ölkə olacaqdır. İndiki dövrdə həyata keçirilən nəhəng enerji layihələri Azərbaycanı bir neft-qaz ölkəsi kimi dünyaya tanıtdı. Azərbaycan etibarlı tərəfdaş kimi, həm iqtisadi, həm texniki, həm də siyasi baxımdan ən çətin enerji layihələrini həyata keçirmək iqtidarında olan ölkə kimi tanınır. Mən çox istərdim ki, beş-on ildən sonra Azərbaycan dünyada İKT texnologiyaları üzrə qabaqcıl ölkə kimi tanınsın. Yenə deyirəm, bunu etmək üçün bütün imkanlar var.
Mən hesab edirəm ki, bir tərəfdən, dövlət dəstəyi, digər tərəfdən, İKT üzrə qəbul edilmiş milli strategiyanın icrası nəticəsində, eyni zamanda, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq, yerli sahibkarların bu sahəyə diqqət yetirməsi nəticəsində biz bu məqsədlərə nail olacağıq. Bir tərəfdən, dövlət dəstəyi, digər tərəfdən, düşünülmüş siyasət, milli strategiyanın həyata keçirilməsi, xarici sərmayələrin cəlb olunması, ən qabaqcıl texnologiyaların tətbiqi, yerli sahibkarların dəstəklənməsi - bütün bu amillər bizim uğurumuzu şərtləndirəcəkdir.
Bugünkü konfrans və sərgi, ölkələri təmsil edən şirkətlərin sayının artması onu göstərir ki, Azərbaycan yavaş-yavaş bu sahədə də qabaqcıl mövqelərə malik olur. Bu, məni çox sevindirir və əminəm ki, bundan sonrakı dövrdə də buna bənzər konfranslar, digər beynəlxalq tədbirlər keçiriləcəkdir. Hesab edirəm ki, biz burada, Azərbaycanda beynəlxalq əməkdaşlığı yalnız bu konfranslar çərçivəsində həll etməməliyik. İl ərzində mütəmadi tədbirlər, konfranslar, simpoziumlar keçirilməlidir, fikir mübadiləsi, təcrübə mübadiləsi aparılmalıdır ki, Azərbaycanda bu sahə çox sürətlə inkişaf etsin.
Əlbəttə, gənc nəsil üçün bu sahə çox cəlbedicidir. Biz çox istəyirik ki, yetişən gənc nəsil bilikli olsun, savadlı olsun, dünyada olan ən qabaqcıl texnologiyaları mənimsəyə və Azərbaycanda tətbiq edə bilsin. Belə olan halda, Azərbaycan uzun illər ərzində uğurla inkişaf edən ölkə olacaqdır. Belə olan halda, Azərbaycan iqtisadiyyatı gələcəkdə - on il, iyirmi il, otuz il bundan sonra neft amilindən asılı olmayacaqdır. Bizim məqsədimiz bundan ibarətdir. Bu gözəl imkanlardan istifadə edib, neft-qaz amilindən istifadə edib güclü iqtisadiyyat, güclü sənaye potensialı yaratmaq və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən etməkdir. Bu günlərdə, bu illərdə Azərbaycanın uzunmüddətli inkişaf perspektivləri müəyyən olunur. Bunların necə olacağı bizdən asılıdır.
Mən gələcəyə böyük ümidlərlə baxıram. Çox şadam ki, qısa müddət, demək olar, son üç il ərzində İKT sahəsində görülən işlər çox gözəl nəticələrini verməkdədir. Əgər üç il ərzində belə böyük işlər görə bilmişiksə, demək, növbəti illərdə daha da böyük işlər görüləcəkdir.
Əziz dostlar, mən sizin hamınızı bir daha salamlayıram. Bakıya sərgi və konfransda iştirak etmək üçün gəlmiş bütün qonaqları salamlayıram və onlara öz minnətdarlığımı bildirir, sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun.
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).