Azərbaycanın İordaniyadakı səfiri Əmmanda Məhəmməd Peyğəmbərin Mövludu günü ilə bağlı keçirilmiş tədbirdə iştirak etmişdir

Əmman, 14 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov İordaniyanın Vəqflər və İslam İşləri Nazirliyi tərəfindən Əmmanda yerləşən Kral I Abdullah məscidində Məhəmməd Peyğəmbərin Mövludu günü ilə bağlı keçirilmiş tədbirdə iştirak etmişdir.
Tədbirdə Kral II Abdullah, Şahzadə Hüseyn, Baş nazir və hökumət üzvləri, İordaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və digər güc strukturlarının nümayəndələri, ölkənin ruhani elitasının nümayəndələri, müftilər və müsəlman ölkələrinin diplomatik nümayəndəliklərinin başçıları iştirak etmişlər.
Tədbirdə İordaniyanın vəqflər və İslam işləri naziri Hayel Davud, baş müfti Əhməd Hilayel, senator Naval Fauri çıxış edərək Məhəmməd Peyğəmbərin keçdiyi həyat yolundan və mübarizəsindən bəhs etmiş, sülh və tolerantlıq kimi dəyərlərin yayılması və ekstremizmin bütün formalarının ifşası ilə bağlı çağırışlarını diqqətə çatdırmışlar.
Çıxış edənlər, həmçinin Məhəmməd Peyğəmbərin keçdiyi həyat yolundan faydalanaraq günümüzün problemlərinin həllinin, ədalətin təmin edilməsinin, islahat və çiçəklənmənin mümkün olacağını vurğulamışlar.
Asya Hacızadə
AZƏRTAC-in xüsusi müxbiri,
Əmman