Azərbaycanın İrandakı səfiri bu ölkənin Şərqi və Qərbi Azərbaycan vilayətlərində olmuşdur


Tehran, 9 mart (AZƏRTAC). Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov qonşu ölkənin Şərqi və Qərbi Azərbaycan vilayətlərinə səfər etmişdir.
Səfər çərçivəsində səfir C.Axundov İran Ali Rəhbərinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Təbrizin İmam Cüməsi, Şərqi və Qərbi Azərbaycan vilayətlərinin valiləri ilə, habelə Araz Azad Ticarət Zonasında və Cameət-ül-Mustafa Beynəlxalq Universitetinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyində görüşlər keçirmişdir.
Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət ilə görüşdə səfir C.Axundov onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, mədəni, tarixi, dini və dil bağlılıqları olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin rolunu xüsusi vurğulamışdır.
Diplomat əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasi kursun uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Q.Səadət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüş, iki ölkə arasında mehriban qonşuluq əlaqələrinin tarixi köklərə əsaslandığını qeyd etmişdir. Qərbi Azərbaycan universitetləri haqqında azərbaycanlı diplomata ətraflı məlumat verən Qurbanəli Səadət təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə və təcrübə mübadiləsinin həyata keçirilməsinə maraq göstərdiklərini söyləmişdir.
Cavanşir Axundov İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə də görüş keçirmişdir.
Vali Azərbaycana səfərlərini xatırlamış, yüksək səviyyəli qarşılıqlı görüşlərin ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildirmişdir. O, Azərbaycandan olan tələbələrin tibb ixtisası üzrə Şərqi Azərbaycan vilayətində təhsil almalarını təklif etmiş, qarşılıqlı əsasda universitet rəhbərləri arasında görüş keçirilməsinin, tələbə və təcrübə mübadiləsinin ölkələrimiz arasında təhsil və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində faydalı olacağını vurğulamışdır.
C.Axundov öz növbəsində Azərbaycanda son illər iqtisadi sahədə həyata keçirilən islahatlar, iqtisadiyyatın inkişafı, Prezident İlham Əliyevin 2014-cü ili ölkəmizdə “Sənaye ili” elan etməsi, Sumqayıtda, Gəncədəki texnoloji parklar, paytaxt Bakı ilə yanaşı, regionların inkişaf etdirilməsi məqsədilə iş adamları və sahibkarlar, habelə sərmayədarlar üçün yaradılan əlverişli şəraitdən bəhs etmiş, İranın iş adamlarını da əməkdaşlıqda fəal iştirak etməyə çağırmışdır.
Azərbaycanlı diplomat vali İ.Cabbarzadənin Azərbaycan Dili Akademiyası yaradılması ilə bağlı təklifini müsbət qarşılamış, bu işdə səfirliyin də lazımi kömək göstərməyə hazır olduğunu bildirmişdir.
Vali qeyd etmişdir ki, səfirin Azərbaycan ilə bağlı dolğun məlumatları 4000-dən çox fabrik və zavodun fəaliyyət göstərdiyi vilayətdəki iş adamları üçün maraqlı olacaqdır.
Səfər çərçivəsində C.Axundov Araz Azad Ticarət Zonası Təşkilatı direktorunun sərmayələr üzrə müavini Əliyar Rastqu ilə də görüşmüşdür.
Tərəflər Naxçıvan Muxtar Respublikası ilə Araz Azad Ticarət Zonası arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulamışlar.
Ə.Rastqu iş adamlarının bu əraziyə ən yaxın olan Naxçıvan Beynəlxalq Hava Limanından istifadə etmələrinin Araz Azad Zonasının inkişafına töhfə verdiyini vurğulamışdır.
C.Axundov Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan və Azərbaycan ilə İran arasında dəmir yolu xətlərini birləşdirən “Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan)” dəmir yolu xəttinin çəkilişinin mümkün qədər tez başa çatdırılmasının da iqtisadi-ticari əlaqələrimizin inkişafında mühüm rol oynayacağını bildirmişdir. O, bu dəmir yolu layihəsi üzrə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində İşçi Qrupunun fəaliyyət göstərdiyini və qurumun birinci iclasının Bakıda, ikinci iclasının isə Rəştdə keçirildiyi barədə məlumat vermişdir.
Sonra səfir Cameət-ül-Mustafa Beynəlxalq Universitetinin Şərqi Azərbaycan vilayətində nümayəndəliyinin rəhbəri Mehdi Bəxtavər ilə görüşmüşdür.
Səfirə məlumat verilmişdir ki, universitetin Şərqi Azərbaycan nümayəndəliyində 60-dək azərbaycanlı tələbə təhsil alır.
Azərbaycanlı diplomat yeni universitetin açılması münasibətilə təbriklərini çatdırmış, Azərbaycanda din və etiqad azadlığı barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Bakıda və Azərbaycanın bir çox bölgələrində çox sayda məscidlərin tikilməsi, bərpası və yenidən qurulmasının ölkə rəhbərinin şəxsi göstərişi və nəzarəti əsasında həyata keçirildiyi, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə cəmi 17 məscid olduğu halda, son 20 il ərzində tikilmiş və ya bərpa edilmiş məscidlərin sayının təxminən iki minə çatması, Bakıdakı Təzəpir, Əjdərbəy məscidləri, Şamaxıdakı Cümə məscidi və digər dini ocaqların dövlət hesabına əsaslı təmir və ya bərpası bunun bariz nümunəsidir.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov həmsöhbətinə tez-tez Qum şəhərinə səfər etməsi, burada din xadimləri ilə görüşməsi barədə məlumat vermişdir.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarındakı müsəlman dini abidələrinin məhv edildiyi, məscidlər, imamzadələr və qəbiristanlıqların viran qoyulması barədə ətraflı məlumat vermişdir.
Görüşdə “Qazi Qarabağ azanı” Cameət-ül-Mustafa Beynəlxalq Universitetinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyinə təqdim edilmiş və burada səsləndirilmişdir.
Səfir Cavanşir Axundov İran Ali Rəhbərinin Şərqi Azərbaycan vilayətində nümayəndəsi və Təbrizin İmam Cüməsi Mohsen Moctəhed Şəbüstəri ilə görüşündə vilayətlərə səfəri çərçivəsində keçirdiyi görüşlərə dair fikirlərini onunla bölüşmüşdür. O, iki ölkə arasında əlaqələrin inkişafına verdiyi önəmə və tutduğu mövqeyə görə M.Şəbüstəriyə təşəkkürünü bildirmişdir.
Diplomatımız Azərbaycan və İranın dövlət başçılarının bu ilin əvvəlində Davosda keçirdikləri görüşü xatırlatmışdır. Bu görüşdə hər iki dövlətin başçıları ölkələrimiz arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu baxımından qonşuluq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd etmişlər.
Cavanşir Axundov həmsöhbətinə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərimizdəki müsəlman dini abidələrinin məhv edilməsi, məscidlər, imamzadələr və qəbiristanlıqların viran qoyulması barədə ətraflı məlumat vermiş, “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində Malayziyadan tutmuş Mərakeşədək islam ölkələrində Azərbaycanın qədim diyarı olan Qarabağın işğalından əvvəl Ağdam və Şuşada son dəfə səsləndirilmiş “Qazi Qarabağ azanı”nın səsləndirildiyini diqqətə çatdırmışdır.
M.Şəbüstəri “Qazi Qarabağ azanı”nın Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Təbrizin Sadat məscidində səsləndirildiyini demiş, düşmənlərlə mübarizədə islam həmrəyliyinin vacibliyini vurğulamışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran