Azərbaycanın İstanbuldakı baş konsulu “İlin diplomatı” mükafatına layiq görülmüşdür
İstanbul, 5 mart (AZƏRTAC). Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov “İlin diplomatı” mükafatına layiq görülmüşdür.
Mükafatın təqdim edilməsi münasibətilə keçirilən tədbirdə Azərbaycan-Türkiyə dərnəklərinin və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri, İstanbulda yaşayan Azərbaycan və Türkiyə ziyalıları, elm və mədəniyyət xadimləri iştirak etmişlər.
Azərbaycan Türkləri Mədəniyyət və Təhsil Fondunun (ATKEV) sədri Erol Göllü rəhbərlik etdiyi qurumun idarə heyətinin baş konsul Həsən Zeynalovu “İlin diplomatı” mükafatına Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafında, bu ölkədə yaşayan azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmləndirilməsində, eləcə də Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki səylərinə görə layiq gördüyünü bildirmişdir. E. Göllü “İlin diplomatı” mükafatını H.Zeynalova təqdim etmişdir.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, “İpək yolu” media qrupunun rəhbəri Seyfulla Türksoy, Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir, şair Abbas Gökçe, ATKEV idarə heyətinin üzvü Neşe Doster, professor Adil Allahverdiyev Türkiyədə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi istiqamətində baş konsulluq tərəfindən görülmüş işlərdən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi, Azərbaycan reallıqlarının, ölkədə həyata keçirilən uğurlu islahatların təbliği baş konsulluğun fəaliyyətinin əsasını təşkil edir.
H.Zeynalov bu mükafatı ona və bütövlükdə baş konsulluğun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir. O, son illər baş konsulluq tərəfindən görülmüş işlər, eləcə də Azərbaycanın diplomatik sahədə qazandığı uğurlar haqqında danışmışdır.
Azər Sarıyev
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul