AZƏRBAYCANIN LOS-ANCELESDƏKİ BAŞ KONSULU BU ŞƏHƏRDƏKİ TEATRIN RƏHBƏRİNƏ ETİRAZ MƏKTUBU GÖNDƏRMİŞDİR
Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğundan AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Erməni Mədəniyyət Fondu bu şəhərdəki The Wilshire Ebell Teatrında “Artsaxın 20-ci ildönümü” adlı tədbir keçirməyi planlaşdırır. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov bununla əlaqədar teatrın baş meneceri Filip Millerə etiraz məktubu göndərmişdir.
Məktubda deyilir: “Hörmətli cənab Miller. “Artsaxın 20-ci ildönümünün qeyd olunması” keçmiş Sovet İttifaqının süqutundan sonra dünyada ən qanlı qarşıdurma hesab olunan Ermənistan-Azərbaycan münaqişəsinin 1988-ci ildə başlanması tarixini bayram etməkdir. Belə çıxır ki, mayın 2-də The Wilshire Ebell Teatrı on minlərlə azərbaycanlının, həmçinin ermənilərin də həyatına son qoymuş, eləcə də bir milyondan artıq insanın evsiz-eşiksiz qalmasına səbəb olmuş münaqişənin başlanması tarixinin bayram edilməsinə ev sahibliyi edəcəkdir.
Dünya dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının hökuməti, habelə beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğalını, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini və yüz minlərlə insanın qaçqına və məcburi köçkünə çevrilməsi faktını rəsmən qəbul etmişlər.
Bu məktubu sizə ona görə yazıram ki, hazırda ABŞ hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylə çalışmaqdadır. Lütfən anlayın ki, heç bir ölkə, o cümlədən Birləşmiş Ştatlar, hətta Ermənistan da qondarma “Artsax” separatçı rejimini tanımır.
Mən başa düşürəm ki, The Wilshire Ebell Teatrı özəl qurumdur və Erməni Mədəniyyət Fondunun özəl tədbirlər keçirmək hüququ vardır. Ancaq tədbirin adında göstərilən “Artsax” sözünün Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisi olan Dağlıq Qarabağa ermənilərin verdiyi ad olduğunu, habelə insanların bu münaqişədən hələ də əziyyət çəkdiyini və hər iki tərəfin yaralarının sağalmamasını göz önünə gətirərək, sizi bu tədbirin əxlaqi və mənəvi cəhətlərini nəzərə almağa çağırıram. Əmin ola bilərsiniz ki, əgər belə bir üzücü münaqişəni Amerika xalqı yaşasaydı Azərbaycan onun tarixini heç vaxt bayram etməzdi. Bundan başqa, etnik təmizləmənin və mülkü vətəndaşlara qarşı hərbi təcavüzün tarixinin bayram edilməsi The Wilshire Ebell Teatrının nə ənənələrinə, nə də adına yaraşmır.
Sizdən xəbər gözləyirəm. Narahatlığımızı daha təfərrüatı ilə müzakirə etmək istərdim”.