AZƏRBAYCANIN MACARISTANDAKI SƏFİRLİYİ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ QƏBUL TƏŞKİL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 27-də Azərbaycanın Macarıstandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə təntənəli qəbul təşkil etmişdir.
Qəbulda Prezidentin Ofisinin, Nazirlər Kabinetinin, xarici işlər, iqtisadiyyat, maliyyə, mədəniyyət nazirliklərinin məsul əməkdaşları, Macarıstan parlamentinin deputatları, ABŞ, Türkiyə, Rusiya, Çin, Yaponiya, Ukrayna, İspaniya, Polşa, Rumıniya, Belarus, Qazaxıstan, Avstraliya, İran, Misir, Səudiyyə Ərəbistanı və digər dövlətlərin Budapeştdə akkreditə olunmuş səfirləri, ictimaiyyətin, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Qonaqları salamlayan Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışmış, ölkəmizin suverenliyini və müstəqilliyini bərpa etməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. H.Həsənov müasir mərhələdə respublikanın inkişafı üzərində dayanaraq, Azərbaycanın dövlətimizin başçısı İlham Əliyevin səyləri, məqsədyönlü daxili və xarici siyasəti sayəsində qazanılmış uğurlardan söhbət açmışdır.
Azərbaycan-Macarıstan münasibətlərinə toxunan diplomat Azərbaycan Prezidenti İlham Əliyevin bu il Macarıstana dövlət səfərinin böyük əhəmiyyətini vurğulayaraq demişdir ki, bu tarixi səfər və onun çərçivəsində imzalanmış hökumətlərarası sazişlər ikitərəfli əlaqələrin inkişafına təkan verəcəkdir.
Tanınmış müğənni, Macarıstan Milli Opera və Balet Teatrının solisti İnqrid Kerteşinin Tofiq Quliyevin əsərlərini Azərbaycan dilində ilhamla ifa etməsi bayram gecəsini rövnəqləndirmişdir.
Proqramı keçmiş bakılı, hazırda Macarıstandakı diasporumuzun nümayəndəsi Viktoriya Podolskaya davam etdirərək, Azərbaycan milli rəqsini böyük məharət və şövqlə ifa etmişdir.
Fürsətdən istifadə edən H.Həsənov “Avroviziya-2008” Beynəlxalq mahnı müsabibəsində Azərbaycan duetini dəstəklədiklərinə, Macarıstan adından onlara ən yüksək bal verildiyinə görə macar qonaqlara və onların simasında bütün macar xalqına minnətdarlığını bildirmişdir.
Macarıstanın ali qanunvericilik orqanının duayeni, Macarıstan-Azərbaycan parlament dostluğu qrupunun sədri Yanoş Xorvat ölkə parlamenti adından tədbir iştirakçılarına müraciətində qeyd etmişdir ki, dostluq qrupunun üzvləri Macarıstan-Azərbaycan parlamentlərarası əlaqələrin inkişafı və möhkəmlənməsi üçün var qüvvələrini əsirgəməyəcəklər. Yanoş Xorvat Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə bütün Azərbaycan xalqını təbrik etmişdir.
Səfirliyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə həsr olunmuş press-reliz yaymışdır.