AZƏRBAYCANIN MEKSİKADAKI SƏFİRLİYİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, ölkəmizin Meksikadakı səfirliyində ümummili lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Azərbaycan klassik musiqisindən ibarət konsert olmuşdur.
Konsertdə Meksika simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarları Qara Qarayev, Asəf Zeynallı, Cahangir Cahangirovun əsərləri səslənmişdir. Orkestrin musiqiçiləri arasında hazırda Meksikada yaşayan soydaşlarımız da var. Xarici ölkələrin Mexikoda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin, ölkənin nazirlik və idarələrinin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun təmsilçiləri tədbirdə iştirak etmişlər.
Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili İlqar Muxtarov dahi lider Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən, ulu öndərin müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitliyə, iqtisadi tərəqqiyə nail olunması, neft strategiyası sahəsində nəhəng layihələrin gerçəkləşdirilməsi sahəsində xidmətlərindən danışmışdır.
Türkiyənin Meksikadakı səfiri Əhməd Banquoğlu Azərbaycanın ümummilli lideri barədə xatirələri ilə bölüşmüşdür. O, ölkəsinin Portuqaliyadakı səfiri işlədiyi vaxtlarda Heydər Əliyev ilə Süleyman Dəmirəl arasında keçirilən görüşdən danışaraq demişdir ki, bu görüş onda unudulmaz təəssürat oyatmışdır. Diplomat vurğulamışdır ki, Heydər Əliyev türk dünyasının görkəmli liderlərindən biridir.
Rusiyanın Meksikadakı səfiri Valeri Moroz çıxışında dahi lider Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında və genişlənməsində müstəsna xidmətlərini diqqətə çatdırmışdır.
Tədbirin sonunda ziyafət təşkil olunmuşdur.
######
