SİYASƏT
Azərbaycanın Misirdəki səfirliyinin Kəlbəcərin işğalı ilə bağlı bəyanatı bir sıra yerli internet qəzetlərində yayılmışdır
Qahirə, 2 aprel (AZƏRTAC). Azərbaycanın Misirdəki səfirliyinin Kəlbəcər rayonunun işğalı ilə bağlı bəyanatı bu ölkənin “Əl-Yaum Əs-Sabi”, “Əl-Bələd”, “Kalamakhbar”, “Akhbarak”, “Elgornal” və digər internet qəzetlərində, eləcə də Yaxın Şərq İnformasiya Agentliyində yayılmışdır.
Bəyanatda Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən, ərazisi 1936 kvadratkilometr, əhalisi 70 min nəfər olan rayonun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, nəticədə 511 nəfər dinc sakinin öldürüldüyü, 321 nəfərin isə itkin düşdüyü barədə məlumatlar öz əksini tapmışdır.
Həmçinin Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin bu rayondan və Azərbaycanın işğal olunmuş digər rayonlarından qeyd-şərtsiz çıxarılması barədə 822 nömrəli qətnamə qəbul edildiyi, lakin işğalçı Ermənistanın indiyədək bu tələblə bağlı öhdəliyini yerinə yetirmədiyi vurğulanır.
Bəyanatda Kəlbəcər rayonunun işğalından sonra öz tarixi torpaqlarından zorla çıxarılan azərbaycanlıların Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşdıqları qeyd olunur. Həmçinin diqqətə çatdırılır ki, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin əsas səbəbi Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməməsidir.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə